Zakir Həsənov orduda sürücüləri dəyişir - YENİLİK

Zakir Həsənov orduda sürücüləri dəyişir - YENİLİK
  07 Yanvar 2014    Oxunub:1057
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduda daha bir yeniliyə imza atıb. Belə ki, bundan sonra hərbi hissələrdə komandirlərin sürücüləri çavuşlar və ya əsgərlər yox, mülkü vətəndaşlar olacaq. Artıq bu vəzifə üçün işə qəbul başlanılıb.

AzVision.az məsələ ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərovun fikirlərini öyrənib. Ü.Cəfərov bildirib ki, müdafiə naziri bir sıra qərarlar qəbul edib və bu məsələlər sırasında komandirlərin sürücülərinin əsgərlər yox, mülki vətəndaşlarla əvəz olunmasıdır.

“Amma onun necə reallaşacağı mexanizmi hələ bəlli deyil. Amma bildiyim qədəri ilə hərbi hissələrdə mülki şəxslərdən, xüsusən qadınlardan aşbaz, qabyuyan və digər məsələləri həll etmək üçün artıq vətəndaşlardan sənəd qəbulu başlayıb. Bakı və Bakı ətrafı hərbi hissələrin çoxunda bu iş demək olar ki, başa çatmaq üzrədir”.

Hərbi-ekspert bu qərarın çox yaxşı olduğunu qeyd edib: “Bu çox yaxşıdır. Çünki, sırf əsgər və çavuşlar öz üzərlərinə düşən işləri görəcəklər. Daha məişət xarakterli əsgəri xidmətə aid olan işlərlə məşğul olmayacaqlar. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət cəhətləri odur ki, əsgər xidməti borcunu, vəzifəsini öyrənməli, onu yerinə yetirməlidir. Mənfi cəhət isə odur ki, əsgər də sabahın ailə başçısı olacaq və bu işlərdən başı çıxmalıdır. Hər halda qərar komandanlığın qərarıdır”-deyə, Üzeyir Cəfərov əlavə edib.

Ekspert hərbi hissədə sürücülərin mülki vətəndaşlara yox peşəkarlara yəni müddətdən artıq hərbi xidmət keçənlər qulluqçulara həvalə olunmasının tərəfdarıdır.

“Çünki sürücü maşında daşıdığı 10, bəlkə də 15-20 nəfərə cavabdehlik daşıyır. Ötən ildə bədbəxt hadisələr olmuşdu. Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin maşını adi ehtiyatsızlıq ucbatından qəza törətmişdi və bir neçə insanın həyatına son qoydu, bir neçə insan da ömürlük şiksət oldu. Ona görə də mən düşünürəm ki, mülkü vətəndaşlardan sürücülər yox, Müdafiə Nazirliyinin öz sistemində olan peşəkarla əvəz olunması həyata keçirilsin. Mən başa düşürəm ki, hərbi qulluqçu olanda dövlət büdcəsindən daha çox vəsait gedir, amma mülkilərə bir qədər az vəsait veriləcək. Əgər biz burada nəyəsə qənaət ediriksə, həmin sürücü də ona təhkim olunmuş avtomobilə fərqli yanaşacaq. Amma peşəkar bilir ki, bu onun çörək ağacıdır və buna daha çox bağlı olacaq. Hər halda yenə də deyirəm, müsbətə doğru addımlar atılsa, həm ordu üçün həm də bütövlükdə cəmiyyət üçün xeyirli ola bilər”-deyə, hərbi-ekspert Üzeyir Cəfərov qeyd edib.

AzVision.az-a daxil olan məlumata görə, artıq bəzi bölgələrdə yerləşən hərbi hissələrdə sürücülər mülkü şəxslərlə əvəz olunub. Onların aylıq əməkhaqlarının 400-600 manat arası olacağı bildirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti