Azərbaycan beynəlxalq əməkdaşlığa liderlik edir - İtaliya mətbuatı yazır

Azərbaycan beynəlxalq əməkdaşlığa liderlik edir -    İtaliya mətbuatı yazır
  06 May 2020    Oxunub:2655
İtaliyanın “Notizie Geopolitiche” onlayn qəzetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans vasitəsilə təşkil edilmiş Zirvə görüşünün əhəmiyyətindən bəhs edən məqalə dərc edilib.
Məqalədə Azərbaycanın nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər gördüyü, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb. Bu Sammitin Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci Zirvə görüşü olduğu bildirilib, hazırda Azərbaycanın sədri olduğu digər bir qurum olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı Zirvə görüşünün keçirildiyi bildirilib.

Məqalədə Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin açılış nitqinə istinadən koronavirusun yayılmasının qarşısının alınması istiqamətində prioritet olan insan sağlamlığının qorunmasının və sosial müdafiənin təmin edilməsi üçün ölkəmizin həyata keçirdiyi profilaktik tədbirlər, ölkədə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün qəbul edilmiş dəstək paketlərindən bəhs edilib. Habelə bildirilib ki, həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmış, son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbət olmuşdur. Eləcə də koronavirusa qarşı mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlıq, Prezident İlham Əliyevin qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdiyi diqqətə çatdırılıb.

Yazıda Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandenin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamatın, Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin və 40-aa yaxın dövlət və hökumət başçılarının çıxış etdiyi qeyd olunub. Bu xüsusda edilmiş videomüraciətlərdən sitatlar verilərək qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın vacibliyi vurğulanaraq görüşün təşkilinə görə Azərbaycan xalqına, hökumətinə və Prezident İlham Əliyevə təşəkkür edildiyi qeyd olunub.

Qeyd olunub ki, hazırda Qoşulmama Hərəkatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi çərçivəsində Azərbaycanın təşəbbüsü ilə müvafiq olaraq aprelin 10-da və mayın 4-də keçirilmiş zirvə görüşləri göstərdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizə üçün təsirli tədbirlər görür, eyni zamanda, koronavirusa qarşı mübarizədə regional və qlobal səviyyədə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə də mühüm töhfə verir.

Azvision.az


Teqlər: İtaliya   Mətbuat   Koronavirus  





Xəbər lenti