120 ölkəni birləşdirən güc: Zirvə görüşü nəyi göstərdi?

120 ölkəni birləşdirən güc:  Zirvə görüşü nəyi göstərdi?
  05 May 2020    Oxunub:3969
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Zirvə görüşünü dəyərləndirən ekspertlər hesab edirlər ki, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurur, körpü yaradır. Bundan əlavə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19-la mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Zirvə görüşündə ölkə başçısı Azərbaycanın koronavirusla mübarizə modelini dünyaya təqdim edib:

“Prezident İlham Əliyev kompleks mübarizə tədbirlərindən bəhrələnmək və ondan istifadə edərək, faciənin qarşısının alınması üçün dünyaya yol göstərdi. Bu gün Azərbaycanın COVİD-19-a qarşı mübarizə modeli dünya tərəfindən qəbul olunub. Həmçinin konfransda ölkə başçısı bəyan etdi ki, dövlətlər bir-birindən təcrid olunmalı deyillər. Çünki pandemiya ilə əlaqədar qlobalizasiya prosesi dayandırılıb. Ancaq Azərbaycan dünya üçün qlobal düşüncəni təqdim etdi. Bu, dövlətləri və millətləri birləşdirən siyasət oldu. Bu siyasət Azərbaycan tərəfindən təqdim olundu. Azərbaycanın gördüyü işlər təkcə bu gün yox, gələcəkdə də öyrəniləcək”.



S.Seyidov qeyd edib ki, Azərbaycanın koronavirusla mübarizədə üstünlüyü dövlət və millət olaraq silahlanmasındadır: “Bu silah Azərbaycan siyasi rəhbərliyinin konkret planıdır. Konkret plan üzrə görülən tədbirlərlə əldə olunan nəticələrdir. Artıq dünyaya Azərbaycan təcrübəsinin, modelinin təqdim etməklə bağlı güclü silah var. Amma biz arxayınlaşmamalıyıq və konkret plan üzrə mübarizəmizi davam etdirməliyik”.

Komitə sədri vurğulayıb ki, hələ bəzi ölkələr koronavirusla mübarizədə yollar axtarışındadır: “Bu yaxınlarda Avropa Şurasının onlayn tədbirində iştirak etdim. Onlar hələ düşünürlər ki, 47 üzv ölkəni necə bir araya gətirib onlayn konfrans keçirsinlər. Qoşulmama Hərəkatında isə 120 ölkə təmsil olunur. Azərbaycan 120 ölkəni ideyalarla, təkliflərlə, yeni kommunikasiya ilə birləşdirdi. Hətta konfransda cənab Prezident yeni bir təklifi də gündəmə gətirdi ki, BMT Baş Assambleyasının onlayn sessiyası keçirilsin. Bu, tamamilə yeni məsələdir və Azərbaycan bunu gündəmə gətirdi. Bunları nəzərə alsaq, Azərbaycanın uğurları göz qarşısındadır. Azərbaycanın təcrübəsi qəbulolunandır, onu öyrənmək, ondan bəhrələnmək dövlətlər tərəfindən qəbul olunur”.



Millət vəkili Sevinc Fətəliyevanın fikrincə, Zirvə görüşünün keçirilməsi ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidir:

“Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə əməkdaşlığa böyük ehtiyac var”.



"Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlə çıxış etdilər. Hər iki şəxs pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdilər. Zirvə görüşündə həmçinin, BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bildirdilər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Demək olar ki, bütün çıxışlarda Azərbaycan Prezidentinin təşəbbüsləri yüksək qiymətləndirildi. Bu, bizim üçün qürurverici haldır. Bütövlükdə, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü göstərdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir”, - deyə S.Fətəliyeva vurğulayıb.



Millət vəkili Naqif Həmzəyev isə bildirib ki, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi kimi diqqəti COVİD-19-a qalib gəlməyin mümkünlüyünə, planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəldib.

"Dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu da xüsusi ilə diqqətə çatdırdı. Son üç həftə ərzində ölkəmizdə əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsi, xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması görülən tədbirlərin əyani göstəriciləri olduğu Zirvə görüşündə vurğulandı.



Bildiyimiz kimi, pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklər bütün ölkələr, ələlxüsus maliyyə resursları az olan dövlətlər üçün ciddi təlatümlərə səbəb olub. Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxu da məhz məhdud ehtiyatlara malik olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə onları çətin sınaqlar gözlədiyi qaçılmazdır. Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti belə çətin dönəmdə də layiqincə yerinə yetirdi. Dövlətimizin Başçısının təşəbbüsü ilə keçirilən, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının da çıxış etdiyi Zirvə görüşü bir daha təsdiq etdi ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Koronavirus   Covid-19  





Xəbər lenti