Müharibə veteranlarına 1500 manat verildi

  Müharibə veteranlarına 1500 manat verildi
  05 May 2020    Oxunub:5216
Prezident İlham Əliyevin 2020-ci il 24 aprel tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub.
Bu barədə Azvision.az -a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

Sərəncamın icrası olaraq, ümumilikdə, 7382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.

Birdəfəlik maddi yardım vəsaitləri həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

Xatırladaq ki, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən il ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Veteran  





Xəbər lenti