“Hakimləri yaşa görə yox, işinə görə qiymətləndirmək lazımdır” - Komitə sədri

   “Hakimləri yaşa görə yox, işinə görə qiymətləndirmək lazımdır” -    Komitə sədri
  05 May 2020    Oxunub:3460
“Bu gün təqdim edilən şəxslərin əksəriyyətini tanıyıram. Onlar kifayət qədər hüquqi savada və bu sahədə təcrübəyə malikdirlər. Onlar dövlətimizdə ədalət prinsipinin hökm sürməsində üzərlərinə düşən vəzifəni yerinə yetirə biləcəklər”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, məhkəmələrdə qanunun bütün tələblərini həyata keçirmək çətin məsələdir: “Mülkiyyətlə bağlı məsələlərdə də belə çətinliklər mövcuddur. Vətəndaşın əmlakının məhkəmənin qərarı olmadan ələ keçirilməsi məsələsi bir neçə gün əvvəl gündəmə gəlmişdi. Ölkə başçısı bu məsələni nəzarətə götürdü. Mülkiyyət münasibətlərinin dəyişməsi ilə əlaqədar məhkəmə sistemində xeyli sayda işlər var. Bu məsələlərin öz həllini tapması daha məqsədəuyğundur. Burada ədalətli qərarın qəbulu vacib məsələdir. Üçüncüsü, Avropa Məhkəməsinin qərarları ilə bağlıdır. Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirməklə məşğul olur. Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşlarının bir çox hüquqları pozulub. Azərbaycanda şikayət ərizəsi Avropa Məhkəməsinə Əli Kərimliyə xidmət edən biri tərəfindən gedən kimi qərar gəlir. Prosedur qaydaları bəzən onlara bunu etməyə imkan yaradır. Prosedur qaydalarına düzgün əməl etmək lazımdır ki, bu qaydalardan hər hansı şikayət gəlməsin. Avropa Məhkəməsində əsas qaldırılan məsələ prosedur qaydaları ilə bağlıdır”.

Komitə sədri qeyd edib ki, məhkəmə sistemində yeniliklər bundan sonra da davam edəcək: “Hakimləri yaşa görə yox, əməyinə, işinə görə qiymətləndirmək lazımdır. Ola bilər, məhkəmə sistemində işləyən hakim ömründə ədalətli qərar qəbul etməyib. Hakimlərin işinin qiymətləndirilməsi vətəndaşların onlardan razılığına görə olmalıdır. Bu strukturun verdiyi hər bir qərar vətəndaşların həyatında mühüm rol oynayır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti