Belçikada koronavirusla bağlı etirazlar getdikcə artır

   Belçikada koronavirusla bağlı etirazlar getdikcə artır
  04 May 2020    Oxunub:3278
Belçikada COVİD-19 pandemiyasına yoluxma halları və ölüm sayı hər gün artmaqdadır. Yerli sakinlər bunu hökumətin vaxtında qabaqlayıcı addımlar atmaması, səlahiyyətli şəxslərin xəstəliyə qeyri-ciddi münasibət göstərməsi ilə əlaqələndirirlər.
Azvision.az xəbər verir ki, Belçikada COVİD-19 pandemiyasına qarşı uğursuz mübarizə cəhdləri ciddi tənqid olunur. İctimaiyyət nümayəndələri bununla bağlı fikirlərini sosial şəbəkələrdə paylaşırlar.

Məlumat üçün bildirək ki, hazırda Belçikada Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, xüsusi karantin rejimi mayın 3-dək uzadılıb. Bununla da xüsusi rejim artıq 5-ci həftədir ki, davam edir.

Belçika hər milyon nəfərə düşən ölüm hallarının sayına görə hazırda dünyada 1-cidir (445 nəfər). Statistikaya görə, Belçika (əhali sayı - 11.5 milyon nəfər) ümumilikdə test nəticəsində qeydə alınmış COVİD-19 hallarına görə dünya ölkələri arasında ilk 10-luqdadır (41000 yoluxma).

Martın 18-də ilk dəfə elan olunmuş xüsusi rejimlə bağlı cəmiyyət tərəfindən ilk etirazlar bərbərxana sahiblərindən gəlmişdi. Belə ki, onlar hökumətin açıq qalmaq və eyni anda bir müştəri qəbul etmək planlarına etiraz edib və kompensasiya müqabilində iş yerlərinin bağlanmasını tələb ediblər. Nəticədə istəklərinə nail olublar.

Bundan əlavə, tibbi maska çatışmazlığı ilə əlaqədar bir neçə səhiyyə işçisi etirazlarını bildirib, sosial şəbəkələrdə həyəcan təbili çalıb, hökuməti onları tibbi maska ilə təmin etməyə, insanlara isə ehtiyat kimi alıb yığdıqları maskaları xəstəxana və hospitallara tibb heyətinin istifadəsi üçün verməyə dəvət edib.

25 martdan etibarən apteklərdə maska, spirt və antibakterial gellərin reseptlə satıla bilməsi də cəmiyyət tərəfindən narazılıq doğurub. Bu ləvazimatların ümumi çatışmazlığı hiss olunur.

Növbəti etiraz aprelin 1-də Belçika polisi həmkarlar ittifaqlarından daxil olub. Onlar maskaların olmaması və çatışmazlığı ilə əlaqədar hökumətə yaxın günlərdə vəziyyət dəyişməzsə, tətil etməklə hədə-qorxu gəliblər. İnsanlarla ünsiyyətdə olmasını əsas gətirən polislər onların da həkimlər kimi maskalarla təmin olunmasına üstünlük verilməsini tələb ediblər.

Aprelin 3-dən ölkə üzrə bəzi ərzaq mağazalarının satıcıları maska və əlcək verilmədiyindən bir neçə günlük tətillər edərək obyektlərin bağlı qalmasına səbəb olublar.

Ümumiyyətlə, karantin rejimi dövründə Belçika əhalisinin o qədər də sərt olmayan xüsusi rejimə (icazə olan yerlərə getmək üçün əlavə arayış və ya SMS göndərmə tələb olunmur, məsafə saxlamaq şərtilə idman və gəzintilərə icazə verilir) açıq laqeyd münasibəti müşahidə olunur, havaların xoş keçməsi səbəbindən çoxlu sayda açıq havada toplaşan insanlar, parkda gəzən, qaçan və ya velosiped sürən insanlara rast gəlmək olur. Artan yoluxma və ölümlər fonunda, buna neqativ reaksiyalar həm ictimaiyyət, həm də həkimlərdən daxil olmaqdadır. Bu vəziyyətdən sui-istifadə edənləri, məsafə saxlamadan toplaşanlara xəbərdarlıq edən həkimlər, belə məsuliyyətsizliyin daha sərt karantin qaydalarına (idmansız, gəzintisiz - Çində Uhan tipli) gətirib çıxara biləcəyini qeyd edirlər.

Bayram həftəsonları polis açıq havada toplaşan ailələrin olduğunu, “barbekü” yığıncağı keçirən 30-dan artıq insanı cərimələdiyini (hər biri 250 avro) bildirib.

Ölkənin şimalında bayram həftəsonunda çoxsaylı insanların (velo sürən, qaçan və digər idmanla məşğul olanlar) bir yerə toplaşdığı, vafli və dondurma köşkləri qarşısında toplu növbələrin olduğu barədə polisdən hesabatlar daxil olmaqdadır. O cümlədən araşdırmalara görə, qatarlarda yoxlama müvəqqəti dayandırıldığından biletsiz və zəruri olmayan səyahətlər üçün nəqliyyatdan sui-istifadə edənlər də var.

11.04.20 tarixində, axşam saatlarında Anderlext şəhərində hərəkət məhdudiyyətinin tələblərini pozan iki gəncin yoxlanılmasını tələb edən polis nəfərlərinə məhəl qoymayan gənclərdən biri (ərəb mənşəli, 19 yaşlı, Adil adlı sakin) qaçmağa cəhd edib, skuterlə yolun hərəkət hissəsində digər polis avtomobili ilə toqquşaraq aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra bu məhdudiyyətlərə etiraz əlaməti olaraq polis və yerli sakinlər (gənclər) arasında qarşıdurma başlayıb, atəş səsləri eşidilib, polislərə və polis maşınlarına daşlar və digər əşyalar atılıb. Molotov kokteylləri istifadə olunub, 5 maşın yandırılıb, ərazidəki polis bölməsi daşlanıb. Eyni zamanda, polis maşınından oğurlanmış silah hələ də tapılmayıb. İstintaq aparılır.

Bazar günü səhər saatlarında iğtişaşlar səngiyib, 100-ə yaxın şəxs həbs edilib. Adilin atası Məhəmməd Larbi Karrot, qohumu Jamal Allaçi hamını sakit olmağa səsləyib, onlar üçün bu ağır vaxtda qarşıdurmalardan çəkinməyə çağırıblar. Əraziyə xeyli sayda polis maşınları, su atan avtomobil, gücləndirilmiş federal polis dəstələri cəlb olunub. Vəziyyətin hazırda “nəzarət altında olduğu” bildirilir. Bununla bağlı mərhumun ailə üzvləri hadisə səbəbkarı olan polisə qarşı da səlahiyyətlərini aşıb-aşmaması ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Hökumətin son qərarında pansionatlarda, qocalar evlərinə sakinlərə əvvəlcədən icazə alınmaqla son 2 həftədə xəstəlik simptomları olmayan hər dəfə eyni şəxs olmaqla, yalnız bir şəxsin baş çəkməsinə icazə verilməsi bildirişi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bunun virusun yayılmasını daha da sürətləndirəcəyini bildiriblər.

Belçikada ümumi ölüm hallarının (5998) təxminən yarısının qocalar evlərində olduğunu nəzərə alaraq (16 apreldə qeydə alınan bir günə ən çox - 417 ölümdən 289-u qocalar evində, 127-si isə hospitallarda qeydə alınıb), bu tip müəssisələrdə həkim və tibb bacısı çatışmazlığı, onların xəstələndiyi təsdiqləndiyi halda və ya şübhələr olduqda xəstəxanalara aparılmaması, qocaların taleyin ümidinə buraxılması və hökumət tərəfindən onlara laqeyd münasibətin təzahürü kimi qiymətləndirilir.

Ölkənin intensiv terapiya şöbələrində 50%-dən artıq yerlərin boş qalmasını, rezerv olaraq saxlanmasını qınayanlar da var. Halbuki, mətbuatda yayılan məlumatlara görə, COVİD-19 virusuna yoluxduğu qeydə alınmış 2 gənc evində karantin saxlamağa göndərilib və hər ikisinin xəstəxanaya qəbul olunmadığına görə vəfat etdiyinə dair şübhələr var. Ailələri etirazlarla işəgötürənlərə və xəstəxanalara qarşı məhkəmələrə müraciət edirlər.

Vəziyyəti ümumiləşdirərək qeyd etmək olar ki, Belçikada xüsusi rejim elan edilməsinə baxmayaraq, onun tətbiqinə faktiki nəzarət yox səviyyəsindədir. Hökumətin bu yanaşmasını hiss edən vətəndaşlar xüsusi rejimə laqeyd münasibət bildirərək və havanın xoş keçməsini nəzərə alaraq, bu dövrü istirahət dövrü kimi qiymətləndirir.

Belçikada vəziyyət İspaniya və İtaliyadakından kəskin fərqlənir. Bu ölkələrdə hospital və klinikalarda hər bir yaşlı vətəndaşın həyatına görə çarpayı və avadanlıq çatışmadığı şəraitdə mübarizə aparıldığı halda, Belçikada xəstəxanalar yalnız 50% dolub və ölümlərin əsas səbəbi həkimlərin xəstələrə laqeyd münasibəti (2 gəncin virusa yoluxduğu halda evdə karantinə göndərilməsi), yaşlılara lazımi dəstəyin göstərilməməsi və vətəndaşların elan edilmiş, lakin tətbiqi zəif olan xüsusi rejimə riayət etməməsidir.

Azvision.az


Teqlər: Belçika   Koronavirus  





Xəbər lenti