Paşinyanın göstərişi ilə Xaçatryan həbs edildi

 Paşinyanın göstərişi ilə Xaçatryan həbs edildi
  03 May 2020    Oxunub:3325
İrəvanın ümumi yurisdiksiya məhkəməsi Dövlət Gəlirlər Komitəsinin keçmiş rəhbərinin oğlu, "Galaxy" şirkətlər qrupunun həmtəsisçisi, "Ucom"un idarə heyətinin sədri Qurgen Xaçatryanın həbsi barədə qərar qəbul edib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, prosesə hakim Vahe Misakyan sədrlik edib.

Məlumata görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Xaçatryanın ofislərində və mənzillərində bir neçə dəfə axtarış aparıb.

Dünən “Ucom”un yeni təyin olunmuş direktoru Ara Xaçatryanın mənzilində də axtarış aparılıb. Bundan başqa, Q. Xaçatryanın həyat yoldaşı və anası Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Xatırladaq ki, aprelin 28-də Xaçatryan ölkənin yüksək vəzifəli şəxsləri səviyyəsində ona “Ucom”u tərk etməsi ilə bağlı birbaşa və dolayı tələbin irəli sürüldüyünü açıqlamışdı. O, təzyiqlər qarşısında geriyə addım atmayacağını və şirkəti satmayacağını söyləmişdi.

Bu bəyanatdan sonra hüquq-mühafizə orqanlarının genişmiqyaslı istintaq hərəkətləri müşahidə olunmağa başlayıb. Xaçatryanın mənzillərində və ofislərində axtarışlar aparılıb, ona qarşı yeni ittiham irəli sürülüb və tutulması üçün vəsatət qaldırılıb.

Vəkillər işə yeni ittihamın əlavə edildiyini və Xaçatryanın çirkli pulların yuyulmasında, rüşvət almaqda ittiham olunduğunu vurğulayıblar.

Bir neçə gün əvvəl isə Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryanı gecə saatlarında hökumət binasına çağırdığını və ona Xaçatryanın həbsi üçün xüsusi göstəriş verdiyini yazıb. Həmçinin, hüquq-mühafizə orqanları rəsmilərinə istənilən nəticənin əldə edilməyəcəyi təqdirdə işdən çıxarılacaqları barədə açıq şəkildə xəbərdarlıq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti