Orta Asiyanın su ehtiyatlarının 60 faizi Tacikistandadır

Orta Asiyanın su ehtiyatlarının 60 faizi Tacikistandadır
  07 Yanvar 2014    Oxunub:1042
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin energetika və su ehtiyatları naziri Usmonali Usmonov ilə görüşüb.

Görüşdə Abbasəli Həsənov Tacikistan Prezidenti Emoməli Rəhmonun ötən il iyulun 12-13-də Azərbaycana rəsmi, oktyabrın 15-16-da isə işgüzar səfərlərini xatırladıb. Səfir qeyd edib ki, Azərbaycan Tacikistan ilə bütün sahələrdə, o cümlədən iqtisadi və hidroenergetika sahələrində əlaqələrin inkişafında maraqlıdır.

Diplomat bildirdi ki, Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ötən ilin sentyabrında Bakıda keçirilən ikinci iclası əlaqələrimizin inkişafı baxımından səmərəli olub, Protokol imzalanıb.

Azərbaycanın və Tacikistanın dövlət başçıları İlham Əliyevin və Emoməli Rəhmonun səyləri nəticəsində münasibətlərimiz inkişaf edir, bu da ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğundur.

Ölkəsinin su ehtiyatlarından istifadə təcrübəsi və potensialı haqqında məlumat verən U.Usmonov vurğulayıb ki, Orta Asiyanın su ehtiyatlarının 60 faizi Tacikistanın payına düşür. O bu sahədə mövcud problemlərdən danışıb və hər il ölkəsində yeni elektrik stansiyalarının tikildiyini qeyd edib. Bu da əhalinin və müəssisələrin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına imkan yaradır. Türkiyənin, Çinin və Avropanın şirkətləri bu elektrik stansiyalarının tikintisi ilə əlaqədar Asiya İnkişaf Bankının və İslam İnkişaf Bankının xətti ilə keçirilən tenderlərdə yaxından iştirak edir. Nazir bu bankların üzvü kimi Azərbaycanı da bu tenderlərdə iştiraka dəvət edib.

Səfir öz növbəsində Azərbaycanın iqtisadi inkişafı, su ehtiyatlarından istifadə və elektrik enerjisinin istehsalı sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

A.Həsənov bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollar həcmində investisiya qoyulub ki, bunun da yarısı daxili sərmayələrdir. Hazırda Azərbaycan Rusiya, Türkiyə, Belarus, Ukrayna, Moldova və Gürcüstan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırır.

A.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə məhəl qoymur.


Teqlər:





Xəbər lenti