Komitə Komissiyanın hesabatına münasibət bildirdi

Komitə Komissiyanın hesabatına münasibət bildirdi
  01 May 2020    Oxunub:3480
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının 2020-ci il Hesabatının Azərbaycanla bağlı hissəsinə dair məlumat yayıb.
Komitədən Azvision.az -a verilən xəbərə görə, məlumatda bildirilir ki, Azərbaycanın din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Eyni zamanda, dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır:

"Bütün müasir demokratik dövlətlər kimi Azərbaycan fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin edir və qoruyur. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi Azərbaycan hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı zəruri qabaqlayıcı tədbirləri görür və bu istiqamətdə bütün səyləri dəstəkləyir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədə dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icma üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi harmoniya və qarşılıqlı anlaşma mühiti hökm sürür".

Ölkədə dini sahə ilə bağlı görülən işlər barədə verilən məlumatda qeyd edilir ki, hazırda ölkəmizdə 941 dini qurum qeydiyyatdan keçib ki, konfessional baxımdan onlardan 906-sı İslam, 35-i qeyri-islam (xristian-24; yəhudi-8; krişna-1; bəhai-2) təmayüllüdür. Ölkə ərazisində 2250 məscid var, habelə 14 kilsə və 7 sinaqoqla yanaşı, onlarla dua evi fəaliyyət göstərir: "Mütəmadi olaraq hər il dövlət başçısı tərəfindən dini konfessiyalara ayrı-seçkilik qoyulmadan maliyyə yardımı ayrılır. Həmin vəsait hesabına ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işi daha da gücləndirilir, dini icmalar tərəfindən müxtəlif layihələr həyata keçirilir. Həmçinin ibadət ocaqları dövlət tərəfindən təmənnasız təbii qazla təmin edilir. Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyəti ilə fərqlənib, milli maraqlarımızın təmin olunmasına, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına yönəlmiş siyasət həyata keçirib. Bu baxımdan Dövlət Komitəsi də müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, onların nümayəndələri ilə görüşlər keçirir, konfranslar təşkil edir. Eyni zamanda, ayrı-ayrı beynəlxalq qurumların və xarici ölkələrin dərc etdiyi hesabatlar yaxından izlənilir və təhlil olunur".

Qeyd edilib ki, təəssüf ki, bəzi beynəlxalq və xarici təşkilatlar bir sıra hallarda ölkəmizdəki dini vəziyyətlə bağlı ya qərəzli münasibətdən, ya da məlumatsızlıqdan irəli gələn, fakta əsaslanmayan, yanlış məlumatlar yayırlar: "Halbuki, Dövlət Komitəsi həm ölkə daxilində, həm də xaricində keçirilən tədbirlərdə, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrində Azərbaycanda mövcud dövlət-din modelini, dini etiqad azadlığının qorunması və həyata keçirilməsi sahəsindəki real vəziyyəti mütəmadi işıqlandırır, eləcə də vaxtaşırı informasiyalar yayır. Dövlət Komitəsinin əməkdaşlıq etdiyi xarici qurumlardan biri də ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasıdır. Hər il Dövlət Komitəsi bu təşkilatın yaydığı hesabatla bağlı öz mövqeyini bildirir. Qeyd etmək lazımdır ki, ötən ilin iyul ayında ABŞ tərəfinin dəvəti ilə Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə ikinci Nazirlər Konfransına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb, tədbir çərçivəsində Komissiya üzvləri ilə də görüş keçirib və fikir mübadiləsi aparmıb. Eyni zamanda, cari ilin fevral ayında sözügedən Komissiyanın təmsilçiləri Azərbaycana səfər edib, Bakıda və Qubada dini durumla tanış olub, geniş məlumat əldə etmək imkanı qazanıb, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və digər dövlət qurumlarının nümayəndələri, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ yəhudilərinin Bakı dini icması və digər dini konfessiyaların rəhbərləri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Həmin görüşlərdə onlara Azərbaycanda daim inkişafda olan dövlət-din münasibətləri, dinlərarası harmoniya, bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etmələri haqqında geniş məlumat verilib. Həmçinin ölkəmizlə bağlı ayrı-ayrı vaxtlarda qurumun hesabatlarında yer alan düzgün olmayan informasiyalar barədə iradlar Komissiyanın diqqətinə çatdırılıb. Bununla bərabər bildiririk ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının bu günlərdə dərc etdiyi hesabatında ötən il Azərbaycanda din sahəsində baş vermiş bəzi müsbət məqamların qeyd edilməsinə baxmayaraq, ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayişi bizi təəssüfləndirir. Hesabatda göstərilən məlumatlar əsasən real vəziyyəti əks etdirməyən, səthi və qeyri-dəqiq mənbələrə istinadən verilir ki, bu da qəbuledilməzdir.

Təəssüf ki, əvvəlki illərdə hesabata düşmüş bəzi təhrif olunmuş fikirlərə bu dəfə də yer verilib. Bu, əsasən guya kimlərinsə dini əqidəsinə görə azadlıqdan məhrum edilməsi və hüquqlarının məhdudlaşdırılması ilə bağlı iddialardır. Halbuki, hesabatda adları çəkilən şəxslər dini əqidəsinə görə deyil, cinayət əməlləri törətdikləri üçün məsuliyyətə cəlb ediliblər. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində təsbit olunduğu kimi, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının İnizibati Xətalar Məcəlləsində əksini tapmış “dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması” ilə bağlı məsələlər Dövlət Komitəsinin səlahiyyətinə aiddir və tərəfimizdən hansısa şəxsin dini əqidəsinə görə hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycanda heç bir vicdan məhbusu yoxdur, bütün hüquq və azadlıqlar, o cümlədən dini etiqad azadlığı qanunla tam qorunur".

Məlumatda qeyd edilib ki, Komissiyanın ölkəmizlə bağlı hesabatına qurumun üzvləri tərəfindən də münasibət birmənalı deyil: "Ötən il olduğu kimi, Komissiya üzvlərindən Conni Mur hesabatda ölkəmiz barədə qeyri-obyektiv fikirlərlə razılaşmayaraq öz obyektiv mövqeyini ifadə edib və onun xüsusi rəyi hesabata salınıb. C.Mur ölkəmizin adının hesabata daxil edilməsini düzgün hesab etməyərək bildirib ki, Azərbaycan sünni və şiə din xadimlərinin birgə ibadət edə bildiyi, Yevangelist və Rus Pravoslav xristianların dini mərasimdə birgə iştirak edə bildiyi, əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, tərəqqi edən yerli yəhudi icmasının olduğu bir ölkədir. Göründüyü kimi, Azərbaycana aid hesabatdakı fikirlərə yekdil rəy mövcud deyil və bütün bunlar ölkəmizlə bağlı bəzi məlumatların dəqiq olmadığını göstərir ki, sözügedən Komissiyanın nümayəndələri özləri bu faktı etiraf edirlər.

Sonda təəssüf hissi ilə bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək məsuliyyətini üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası cari ildəki hesabatına da bəzi məsələləri araşdırmadan yenidən daxil edib. Komissiya illərdir bu əsassız iddiaları yayır, yoxlanılmamış məlumatları təkrarlamaqda davam edir və biz hər dəfə bu iddianın əsassız olduğuna dair faktlar gətirməyə məcbur qalırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir", - deyə məlumatda bildirilib.

Azvision.az


Teqlər: Din   Komitə  





Xəbər lenti