15 min şagird onlayn dərslərdə iştirak edib

15 min şagird onlayn dərslərdə iştirak edib
  01 May 2020    Oxunub:2788
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən aprelin 1-dən başlayaraq onlayn formatda təşkil olunan dərslərdə iştirak edən qrup və dərnək üzvlərinin sayı 15 minə yaxın olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 15 Uşaq-Gənclər İdman-Şahmat məktəbi üzrə 23 idman növündə 8 minə yaxın məktəbli, 796 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhər İdman Liseyi üzrə 13 idman növündə 2 minə yaxın məktəbli, 156 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 103 müxtəlif dərnək üzrə 4 mindən artıq şagird, 294 dərnək rəhbəri cəlb edilib.

Ümumilikdə 15 minə yaxın şagirdin, 1200-dən artıq pedaqoji heyətin iştirak etdiyi məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək göstərilməsi, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, onlayn dərslərlə yanaşı, Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi “Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı" və şənbə günü yayımlanan “Dərsdən sonra” verilişlərində məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti