PA-nın baş məsləhətçisi yeni qanun layihəsini şərh etdi

  PA-nın baş məsləhətçisi yeni qanun layihəsini şərh etdi
  29 Aprel 2020    Oxunub:4311
Xəbər verdiyimiz kimi, aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

Bildiyiniz kimi, bu dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Kazımov qanun layihəsinin ötən oxunuşları zamanı deputatların plenar iclasda səsləndirdikləri fikirlərə münasibət bildirib, bir sıra məsələlərə aydınlıq gətirib.

C.Kazımov layihədə 35 əməlin dekriminallaşdırılması, zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cəzadan azad etmənin yeni qaydası müəyyən olunması kimi müsbət dəyişikliklər nəzərdə tutulduğunu bildirib.

C.Kazımov iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə yüngülləşdirmənin kölgə iqtisadiyyatı ilə mübarizədə çətinlik yaradacağı ehtimalları ilə bağlı deputatların fikrinə münasibət bildirərək qeyd edib ki, təkcə 2019-cu ildə dövlət qurumlar arasında koordinasiya işlərinin olması qeyri-formal məşğulluqla bağlı mübarizəyə töhvə verib və nəticədə 153 min əmək müqaviləsi rəsmiləşdirilib. Bundan başqa, xüsusi karantin rejimində tətbiq edilmiş “icaze-e.gov.az” portalının tətbiqi nəticəsində işəgötürənlər tərəfindən 60 min əmək müqaviləsinin rəsmiləşdirilməsi təmin edilib.

C.Kazımov xüsusilə vurğulayıb ki, cənab Prezident tərəfindən bu sahədə həyata keçirilən hərtərəfli siyasət kölgə iqtisadiyyatı ilə mübarizədə cəzaların sərtləşdirilməsi və digər inzibati yollar deyil, yeni mexanizimlərin tətbiqi yolu ilə də müsbət nəticələr əldə etməyə imkan verir.

Əlavə aydınlaşdırılmalı məqamlar işçi qrupu ilə birlikdə müzakirə olunub.

İclasda komitə üzvləri Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Erkin Qədirli, Tahir Kərimli, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Nurlan Həsənov, Baş Prokurorluq, Ali Məhkəmə və Ədliyyə Nazirliyinin nümayəndələri Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirib, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Bununla da Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı ictimai müzakirələr başa çatıb.

Ümumilikdə bu qanunun tətbiqi nəticəsində minlərlə şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad ediləcəyi və ya vəziyyətinin digər formada yüngülləşdiriləcəyi proqnozlaşdırılır.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti