Türk dövlətlərinin jurnalistləri onlayn müzakirə aparıb

Türk dövlətlərinin jurnalistləri onlayn müzakirə aparıb
  28 Aprel 2020    Oxunub:2591
Ötən gün beynəlxalq jurnalist təşkilatı olan Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) Türk dövlətləri jurnalistlərinin ilk videokonfransını təşkil edib.
Azvision.az xəbər verir ki, konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və qonşu Tacikistandan jurnalistlər qatılıb.

Tədbir GJC-nin xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının təşəbbüsü ilə baş tutub. Konfransda türk jurnalistlər pandemiyanın yaşadıqları ölkələrin müxtəlif sektorlarına, xüsusilə də mediaya təsirini müzakirə ediblər.

Video konfransda GJC-nin sədri Mehmet Ali Dim, Türk Şurasının rəsmisi Kahraman Halısçelik, qurumun Orta Asiya üzrə koordinatoru Aidə Eyvazova iştirak edib.

Jurnalistlər ölkələrində koronavirusla bağlı son durumu bir-birinin diqqətinə çatdırıb, qarşılaşdıqları problemlər, medianın durumu barədə məlumat veriblər.

Bir müddət öncə Azərbaycan Prezidenti, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən zirvə toplantısına diqqət çəkilib.

Türkdilli ölkələrin əməkdaşlığının zəruriliyi və bu istiqamətdə jurnalistlərin üzərinə düşən vəzifə geniş müzakirə olunub. Koronavirus dövründən sonra qarşılıqlı səfərlərin nəzərdə tutulduğu açıqlanıb.

Azvision.az


Teqlər: Media   KİV  





Xəbər lenti