İran ABŞ-la münaqişə istəmir - Ruhani

  25 Aprel 2020    Oxunub : 2177
İran ABŞ-la münaqişə istəmir -  Ruhani
İran ABŞ-la münaqişəyə can atmır.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Qətər əmiri Tamim bin Hamad əl-Tani ilə telefon danışığı zamanı bildirib.

Ölkəsi ilə ABŞ arasında gərginliyi şərh edən Ruhani bildirib ki, İran ABŞ-ın hərəkətlərini yaxından izləyir, lakin heç vaxt bölgədəki hər hansı bir qarşıdurma və gərginliyin təşəbbüskarı olmayacaq.

Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı İran gəmilərinin 15 aprel tarixində Fars körfəzindəki Amerika döyüş gəmiləri yaxınlığında təhlükəli şəkildə manevr etdiyini bildirib. ABŞ hərbçiləri onların Amerika gəmilərinin birinə 45 metr, digərinə 10 metr yaxınlaşdıqlarını bildiriblər. Lakin təxminən bir saatdan sonra İran gəmiləri ratsiyanın çağırışına cavab verərək ərazidən uzaqlaşıb.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp Amerika gəmilərinin keçməsinə mane olan İran gəmilərinin məhv edilməsinə göstəriş verdiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   ABŞ