Dövlət nə zaman böyük olur - Sənan Nəcəfovun yazısı

   Dövlət nə zaman böyük olur -    Sənan Nəcəfovun yazısı
  23 Aprel 2020    Oxunub:30905
Pandemiya gündəliklərini vərəqləyərkən görürük ki, dövlət xəstəliklə mübarizədə gücünü səfərbər edir, konkret ixtisaslaşmış xəstəxanalar açır, bu müəssələri tibbi ləvazimatlarla təmin edir, ölkədə olmayanları alır, milyardlarla vəsait xərcləyir. Dövlət vətəndaşına yardım paketini təqdim edir, sahibkarlara dəstək olur, sosial-iqtisadi situasiyanı nizamda saxlayır, xaricdə qalmış vətəndaşını ölkəyə gətirir.
Dövlət eyni zamanda, neft bazarının təlatümlərilə mübarizə aparır, iqtisadiyyatın çökməməsi üçün mücadilə edir, milli valyutanın məzənnəsini qorumağa çalışır. Və paralel olaraq, işğal altındakı ərazilərin azad olunması üçün diplomtik və hərbi gücünü tətikdə saxlayır, düşmən hücumlarının qarşısını alır.
Qondarma-separatçı rejim seçki keçirir, atəşkəsi pozur, “5-ci kolon”dan istifadə edir, “mühacir”ləri maliyyələşdirir, Azərbaycana qarşı iş aparır. Üstəlik, ölkəmizə qarşı fasiləsiz informasiya və hibrid müharibəsini davam etdirir.

Azərbaycana qarşı “Hibrid müharibəsi” aparılır

“Adi gözlə onu müəyyənləşdirmək xeyli çətindir. Əksinə, məlumatsız insan özü də bilmədən həmin müharibənin iştirakçısına çevrilir. Özü də əksər hallarda düşmənin xeyrinə işləyir. Bunun üçün onun şüuruna əvvəlcədən müəyyən olunmuş və xüsusi məqsədlərə xidmət edən informasiyaları yeritmək kifayətdir. Sonrakı mərhələdə həmin informasiya tələsinin qurbanı kimi öz ölkəsinin, vətəninin və dövlətinin əleyhinə fəaliyyət göstərəcək. Hibrid müharibənin ən təhlükəli cəhəti də məhz bundadır (bax: məs., Георгий Почепцов. Гибридно-информационная война: основные характеристики / "Media Sapiens", 19 iyun 2016).

Koronavirus susqunluğu dövründə Azərbaycana qarşı bütün cəbhələrdə hibrid müharibəsinin aparıldığının şahidi oluruq. Bu qənaətimizi misallarla izah edəcəyik. Hələliksə bu müharibənin aparılma texnikasına, mütəxəssilər tərəfindən qeyd olunan məqamlara qısa nəzər yetirək ki, fikilərimizi tam izah edə bilək.

Hibrid - “iki müxtəlif elementin birləşməsi” deməkdir. Buna əsaslanaraq demək olar ki, hibrid müharibədə ən azı iki müxtəlif müharibə tipi olmalıdır. Yəni, həm fiziki, həm də informasiya mühraibələri eyni zamanda aparılır. Daha geniş izaha ehtiyac varsa, deyək ki, hibrid təhdid isə vəziyyətdən asılı olaraq qarşı tərəfin əməliyyat meydanında ənənəvi, qeyri-nizami, terror və cinayət xarakterli vasitə və fəaliyyətləri eyni anda və uyğun şəkildə tətbiq etməsidir.

V.S. Kotlyar hibrid müharibə ifadəsinin iki əsas kontekstini izah edir:
- Qeyri-müntəzəm hərbi qurumların, təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə edərək, təxribat, sabotaj, diversiya, informasiya, maliyyə, iqtisadi əməliyyatlar, kiberhücumlar, insanların davranışına psixoloji təsir göstərmək və s. kimi pozucu fəaliyyətlərin yerinə yetirilməsi;
- Hücum edən ölkənin nizami silahlı qüvvələrdən istifadə etmədən onun maraqlarını ölkənin daxili siyasi gücünə dəstək verərək, mövcud rejimi və ya onun siyasətini radikal şəkildə dəyişdirmək üçün irimiqyaslı təxribat əməliyyatlarının həyata keçirilməsi.

Və bir də, dəfələrlə danışdığımız İnformasiya müharibəsi haqda qısaca deyək ki, informasiya müharibəsi
- Konkret məsələ ətrafında mənfi psixoloji fonun yaradılması;
- Cəmiyyətdə emosional gərginliyin yaranması;
- Yaradılmış (əkilmiş) informasiyanın siyasət, mədəniyyət, biznes, təhsil kimi sahələrə təsiri və s. formalarında aparılır.

* * *

“Soutvest Airlines” şirkətinin idarə heyətinin fəxri sədri və yaradıcısı Herb Kelleher deyirdi ki, istənilən uğurlu təşkilat, şirkət, hətta insan üçün özündən həddindən artıq razı olmaq çox böyük təhlükədir. Şirkət yüksəliş dövründə olarkən ona hər şeydən çox işçilərinin özündənrazılığı və arxayınlığı təhlükə törədir. Yəqin ki, dünyanın ən böyük batan əfsanəsi “Titanik” haqda məqalələr, kitablar oxumusunuz, haqqında gözəl film də çəkilib, izləmisiniz. Fərdi inkişaf kitablarında bu fenomen çox araşdırılır. Mütəxəsislərin qənaətinə görə, bu gəmini idarə edənlər gəminin batmaması üçün əslinə baxanda hər şeyi etmişdilər, güc və vəsaitlərini əsirgəməmişdilər. Yalnız bir şeydə səhvə yol vermişdilər və bu da həlledici oldu. Belə ki, gəmi istehsalçıları və sifariş verənlər mümkün ola biləcək təhlükə haqda informasiya alınması üçün hər hansı bir iş görmək, sxem hazırlamaq, plan qurmaq haqda düşünməmişdilər. Axı gəminin təhlükəsizliyi üçün hər şey edilib, misal üçün, adi binokl nəyə lazımdır? Bu gəminin irəlini görmək üçün iki qurğusu quraşdırılsa da, uzağı yaxın edən sadə binokllar da götürməmişdilər. Görmə uzaqlığı kifayət qədər deyildi. Nəticə isə bəlli.

İndi koronavirus pandemiyası ilə bağlı bir küncə sıxışdırılmış dünyanı göz önünə gətirin. O dünyanı (oxu, “Titanik” gəmisi) ki, özündənrazı, baş verə biləcək təhlükəni qulaqardına vuran acgöz, tənbəl, laqeyid, xırdaçı, bürokrat, öcəşkən “kapitanlar” idarə edirdilər. Mikron ölçülü virus (aysberq) dünyanı (gəmini) bir küncə sıxaraq, meydan oxudu. İtkilər saya-hesaba gəlmir.

Azərbaycanda nə baş verir?

Azərbaycanda anti-koronavirus tədbirlərini, görülən işləri 3 bloka bölmək olar. Birincisi, pandemiyanın geniş yayılmasının qarşısının alınması və prosesin nəzarətdən çıxmaması üçün görülən təsirli tədbirlər, xüsusilə operativ qərargahın yaradılması, ağıllı və mərhələli karantin rejimi, tibbi infrastrukturun vəziyyətə adekvat hazırlanması.

İkincisi, əhalinin sosial vəziyyətinin ağırlaşmaması üçün görülən tədbirlər, ən vacibi isə aztəminatlı vətəndaşlara birdəfəlik maliyyə yardımlarının edilməsi və sahibkarlıq subyektlərinə dəyən zərəri qarşılamaq üçün maliyyə dəstəyinin verilməsi.

Üçüncüyə isə iqtisadi və sosial yanaşma modeli daxildir. Prezident İlham Əliyev onun üçün Azərbaycan vətəndaşının sağlamlığının hər şeydən önəmli olduğunu əməllərilə sübuta yetirdi. Azərbaycan Prezidentinin pandemiyanın dərinləşməsinin qarşısının alınması və risklərin idarəedilməsi üzrə hazırladığı strategiyanın xüsusi qeyd etmək lazımdır.

Bildiyimiz kimi, bənzəri olmayan iqtisadi və maliyyə böhranı ilə üz-üzəyik. Azərbaycan üçün ikiqat sınaq dövrü yaşanır, bir tərəfdən koronavirusa görə iqtisadi subyektlərin işində ciddi məhdidiyyətlətin tətbiqi, digər tərəfdən büdcədə əhəmiyyətli rol oynayan neft qiymətlərinin maya dəyərindən aşağı düşməsi və gəlirlərin sıfıra enməsidir.

Belə bir durumda Azərbaycan prezidentinin qəbul etdiyi qərarların və həyata keçirdiyi siyasətin mərkəzində duran amil Azərbaycan vətəndaşıdı. Diqqət yetirək, pandemiyadan əvvəl nəzərdə tutulmuş bütün sosial layihələr olduğu kimi davam edir. İşsiz və ya böhrana görə işini itirmiş qeyri-məşğul əhaliyə 190 manat məbləğində birdəfəlik yardım edilir (İlkin hesablamalarda 200, prezidentin müdaxilsəindən sonra 600 min nəfərə iki aylıq ödəniş). 300 min muzdlu işçinin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi, 90 min adamın ödənişli ictimai işlərə cəlb edilməsi, sahibkarlıq subyektlərinə dəyən zərərin əhəmiyyətli hisəsinin kampemsasiya olunması və ümumilikdə 3 milyard manat maliyyə paketinin ayrılması dediklərimizin sübutudur. Və diqqət: bütün bunlar heç kimə, heç bir beynəlxalq təşkilata, maliyyə qurumuna ağız açmadan, kredit, borc istəmədən reallaşır. Daha doğrusu, AzVision-da gedən bir araşdırmanın rezumesində deyildiyi kimi, Azərbaycan BVF və DB-siz də virusun öhdəsindən gəlir. Ölkəmizin adı Beynəlxalq Valyuta Fondu (BFV) və Dünya Bankına (DB) müraciət edənlərin sırasında yoxdur, olacağı da gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır.
Və nəticə göz önündədir.
Bu gün Azərbaycanın adı koronavirusla mübarizədə nümunəvi ölkələr sırasında çəkilir. İnsan itkisi az, sağalanların sayı çox, vəziyyət isə tam nəzarət altındadır. Böhranın dərinləşməsini önləyən və riskləri doğru şəkildə idarə edən dünyanın 10 ən uğurlu ölkəsi sırasındadı.

Mən əminliklə və eyni zamanda mübaliğəsiz deyə bilərəm ki, zaman gələcək, Azərbaycan prezidenti İlham Əliyevin risklərin qarşısının alınması və idarəedilməsi strategiyası ən yaxşı təcrübə kimi qeyd olunacaq, ölkəmizin yaratdığı yeni standartlar gələcəkdə meydana çıxa biləcək bu kimi xəstəlikərin vaxtında qarşısını alınması üçün nümunə kimi tətbiq olunacaq.
Son günlərdə Azərbaycanın öz vətəndaşlarının həm sağlamlığını, həm də təhlükəsizliyini düşünərək etdiyi fədakarlığı izlədikcə fərdi inkişaf kitablarında rast gəlinən bir rəvayəti xatırlamalı oluram.

Rəvayətə görə, iki qəbiilə arasında qızğın müharibə gedirmiş. Onlardan biri dağlıq ərazidə, digəri isə düzənlikdə yaşayırmışlar. Bir gün dağlıq ərazidə yaşayan qəbilə düzənlikdə yaşayan qəbilə üzərinə növbəti dəfə hücuma keçir. Kəndləri, evləri qarət edir, yandırdıqlarını yandırır, mal-heyvan, qiymətli əşyalar və bir uşağı da özləri ilə götürüb geri çəkilirlər. Bu harınlıqdan qəzəblənmiş yerli sakinlər əks-hücum üçün plan cızır, cinayətkarların tapılması, onlarla haqq-hesab çəkilməsi üçün dayanmadan danışırlar. Hətta uşaqları və qənimətləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum planı da həyata keçirilir. Lakin bütün cəhdlər puça çıxır. Növbəti həmlələrin birində, say-seçmə cəngavərlərdən hazırlanmış qrup dağlıq ərazidə yaşayan qəbilənin bir neçə yüz metrliyinə qədər gedib çıxa bilir. Lakin gündüz vaxtdı bütün cəhdləri boşa çıxır deyə, hücum planını gecəyə saxlayırlar. Sübh tezdən növbəti həmləyə hazırlaşdıqları, əməliyyatı bütün detallarına qədər müzakirə etdikləri vaxt bir qadının qarşı tərəfdən onlara tərəf gəldiyini görürlər. Qucağında uşaq olan qadın övladı qaçırılan qadın idi. Axı bu necə ola bilər? Bu qədər kişi, cəngavər, döyüşçü plan qurur, əməliyyat keçirir, heç bir nəticə olmur, əvəzində bir əliyalın qadın gedib uşağı düşmənlərin əlindən alıb gətirir? Bu. necə mümkündür? Suala qadının özü belə cavab verir:
- Axı o, sizin uşağınız deyil!

Bax, dövlətin vətəndaşı üçün son iki ayda etdiklərini gördükcə öz övladını əsirlikdən qaytaran həmin o qəhrəman ana yada düşür. Onsuz da bütün müqayisələr qüsurludur. Amma situativ olaraq bu mənzərəni düşünəriksə, oxşarlıqlar tapmaq mümkündür. Əgər düşünə biliriksə.

Sənan Nəcəfov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti