“Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir” - Vətəndaşlar yazırlar

  23 Aprel 2020    Oxunub : 2579
 “Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir” - Vətəndaşlar yazırlar
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Oqtay Həziyev kənd sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Hörmətli cənab Prezident, bəşəriyyətin üzləşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik. Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq. Hər zaman belə uca olasınız, cənab Prezident!”.

Biləsuvar rayonunun Nərimankənd kəndinin sakini Sifeyrə Əliyeva: “Əziz Prezidentimiz, dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunuzu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı, yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq öz adımdan və 8 övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə cansağlığı versin və bu bəladan xalqımızı qorusun!”.

Laçın rayonundan məcburi köçkünlər Süleyman Şahverdiyev, Sənani Əhmədov, Nüsrət Fərzəliyev, Mirzə Kərimov və Ədalət İbrahimov yazırlar: “Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz. Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunan onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin!”.

Ağstafa rayonunun sakini Zahid Sultanov: “Hörmətli cənab Prezident, ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən pandemiyadan zərər görən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də inanırıq ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyinizlə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək. Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, təqaüdçü Altay Mansurov: “Çox hörmətli möhtərəm Prezident, Xəzər rayonunun bütün ağsaqqalları və sakinləri Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər. Hazırda dünyanın əksər ölkələrini bürüyən koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçməmişdir. Sizin rəhbərliyinizlə vaxtında aparılan qabaqlayıcı profilaktik tədbirlər respublikada xəstəliyin insanlar arasında kütləvi şəkildə yayılmasının qarşısını almışdır. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyinə yönəldilmişdir. Eyni zamanda, yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilərək vətəndaşların sosial vəziyyəti da nəzərə alınmışdır. Bu çətin günlərdə qəbul edilmiş bütün qayda-qanunlar hər bir şəxs tərəfindən icra edilərsə, xəstəlik bəlası bizdən yan keçər. Sizin sərəncamlarınızı və qərarlarınızı biz ağsaqqallar dəstəkləyirik və hər bir kəsi o qaydalara riayət etməyə çağırırıq. Bu işlərə görə biz Sizə çox minnətdarıq. Biz əminik ki, həmişə olduğu kimi, xalqımız Prezidentimizin rəhbərliyi altında bu gözəgörünməz düşmən üzərində qələbə qazanacaq. Möhtərəm cənab Prezident, Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, işinizdə yeni uğurlar, xalqımıza firavan həyat diləyirəm. Tanrı Sizi qorusun!”.

Biləsuvar rayonundan Əməkdar həkim Fail Məmmədov: “Əziz və hörmətli Prezident, dünyanı bürümüş koronavirus pandemiyasına qarşı respublikamızda Sizin tərəfinizdən həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizin bütün əhalisi tərəfindən çox böyük razılıqla qarşılanır. Məhz Sizin məqsədyönlü tədbirləriniz nəticəsində xalqımız bu bəladan uğurla qorunur. Sevinirik ki, Vətənimiz Azərbaycan hazırda bu pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır, onun sağlamlığı dövlət başçısı üçün ən prioritet məsələdir. Sizin biz həkimlərin fədakar əməyinə verdiyiniz yüksək qiymət, atdığınız sosialyönümlü addımlar ziyalılar, tibb işçiləri və bütün əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanır. Sizin bu qətiyyətli addımlarınız xalqımızın ağır fəsadlar törədə biləcək pandemiyadan tezliklə və az itkilərlə çıxacağına böyük əminlik yaradır. Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir. Siz buna layiqsiniz. Siz, sözün həqiqi mənasında, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz ziyalılar Sizin ən yaxın silahdaşınız, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, Sizin qətiyyətli addımlarınız tezliklə öz bəhrəsini verəcək, xalqımız bu böyük bəladan da uğurla çıxacaqdır. Səhiyyə sahəsində uzun illər çalışan bir insan kimi şəxsən öz adımdan və bütün ailə üzvlərimin adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy, Uca Tanrı xalqımızın rifahı naminə daim Sizi qorusun!”.

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov: “Əziz Prezidentimiz, Vətənimizin Sizin birbaşa adınız və fəaliyyətinizlə bağlı olan şanlı tarixi illəri ərzində Azərbaycan xalqının möhtəşəm yüksəlişi və inkişafı Sizin üçün həmişə başlıca amal və müqəddəs bir vəzifə olub. Bu gün zaman bəşəriyyəti və onun bir parçası olan Azərbaycan xalqını koronavirus xəstəliyi ilə sınağa çəkərkən bizim hər birimiz bir daha bu həqiqətin şahidi oluruq. Bütün dini kitablarda günahsız bir insanı ölümdən qurtarmaq müqəddəs və təqdir olunan əməl sayılır. Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkhaqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bütün bunlar Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinizin tam mənası ilə sübutudur. Möhtərəm Prezidentimiz, biz – Xəzər rayonunun ziyalıları, habelə rayonumuzun qədirbilən və Siz çox sevən sakinləri həmişə olduğu kimi, bu çətin günlərdə də Azərbaycanımız yolunda atdığınız bütün addımları rəğbətlə qarşılayır, xəlqi mahiyyət daşıyan bu işlərdə Sizləri dəstəkləyirik. Hər şeyə görə minnətdarıq. Var olun, sağ olun”.

İsmayıllı rayonunun Basqal qəsəbəsindən Nərgiz Əsədli: “Hörmətli cənab Prezident, Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvənir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Sizsiniz. Hər zaman “İlhamla irəli”yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun”.

Şəki şəhərinin sakini Zəminə Rəsulova: “Möhtərəm cənab Prezident, Sizə və Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də bütün Şəki sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Bu gün bütün dünya məlum dəhşətli pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdə bu pandemiya səbəbi ilə minlərlə ölüm qeydə alınır. Azərbaycanda hələ heç bir yoluxma halı qeydə alınmamışdan əvvəl bu virusun qarşısını almaq məqsədilə məhz Sizin uzaqgörən siyasətiniz sayəsində yüksək təhlükəsizlik tədbirləri görüldü, xüsusi karantin rejimi tətbiq edildi. Məhz Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda bu virusa yoluxma və ölüm sayı, şükürlər olsun ki, çox azdır. Möhtərəm Prezident, Siz xalqın rifahını, sağlamlığını qorumaq məqsədilə müxtəlif göstərişlər verdiniz. Bütün bunlara görə biz Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm”.

Bakı şəhərinin Nizami rayonundan Roza Səmədova, Elnur Qəniyev, Vahid Quliyev və Musa Həsənli yazırlar: “Əziz Prezidentimiz, koronavirusla mübarizədə xalqımızı qorumaq üçün gördüyünüz səmərəli qabaqlayıcı tədbirləri alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik. Çox sağ olun ki, bu çətin günlərdə xalqa dəstək olursunuz. Aztəminatlı ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar yeni sosial paketin təsdiq edilməsi təqdirəlayiqdir. Siz bununla bir çox işsiz ailənin evində ocağın alovlanmasına, qazanın qaynamasına, bir sözlə, onların xoş güzəranına səbəb oldunuz. Sizə və ailənizə daim xoş günlər, evinizə bol ruzi-bərəkət arzulayırıq. Ulu Tanrı Sizi daim var eləsin, cənab Prezident!”.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Naxışnərgiz kəndindən Qəzənfər Qurbanov yazır: “Hörmətli cənab Prezident, Sizin sayənizdə xalqımızın təhlükəsizliyi və yaşayışı yüksək səviyyədədir. Hansı bəla gəlsə də, xalqımız yenə də Sizin sayənizdə rahat günlərini yaşayır. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı əvvəlcədən qəbul etdiyiniz qərarlara görə itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəmizdə bu sahədə əldə olunan müsbət nəticələrinə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkürümü bildirirəm”.

Bakı şəhərinin Səbail rayonundan Əli Hümbətov: “Hörmətli cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Möhtərəm cənab Prezident, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Cənab Prezident, Sizə dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsindən Orxan Qasımov: “Hörmətli cənab Prezident, koronavirusun dünyanı bürüdüyü bir zamanda Allahdan Sizə və xalqımıza səbir diləyir, tezliklə bu virusun aradan qalxmasını arzulayıram. Dualarımız daim Sizinlədir. Belə bir çətin zamanda xalqımızın yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz qaydalara əməl edərək evdə qalmağın bəhrəsini tez bir zamanda görəcəyik. Artıq əldə edilən nəticələr də ümidvericidir. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bakı şəhərinin Yasamal rayonunun sakini Qəhrəman Məmmədov: “Zati-aliləri möhtərəm cənab Prezident, məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVID-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərəçarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və onun rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq lidersiniz. Allah ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən kəlamı var – “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident, bu gün mən azərbaycanlı olmaqla yanaşı, fəxarət hissi keçirdirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin!”.

Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsindən Çinarə İsmayılova: “Əziz Prezidentimiz, dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. “Taclı virus” adlandırılan COVID-19 infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmdarlıq etdiyi halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır. Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!”.

Bakı Telefon Rabitəsi” MMC-nin mühəndisi İmadəddin Hüseynov: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradılıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Vaxtında həyata keçirilən sosial təcrid və preventiv tədbirlər baş verə biləcək fəlakətin qarşısını alaraq pandemiyanın geniş vüsət almasını önlədi, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Dünyanın inkişaf etmiş dövlətlərinə örnək olacaq bu addımlarınız xalq tərəfindən yüksək qiymətləndirilir. Bir daha müstəqil Azərbaycanımız naminə gördüyünüz mühüm işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram.

Bərdə rayonunun sakini Vüqar Şadlinski: “Hörmətli cənab Prezidentimiz, Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı. “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi. Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun!”.

Bakı şəhərinin Səbail rayonundan Xəlil Nurəliyev: “Çox hörmətli və əziz Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin təcrübəsindən yararlanan müdrik dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir. Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun! Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.

Samux rayonunun sakinləri Kəmalə Xəlilova, Bəsti Orucova və İradə Həsənova yazırlar: “Hörmətli cənab Prezidentimiz, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz indiyədək xalqımızın yaxşı yaşaması naminə gördüyünüz işlərdə öz təsdiqini tapıb. Bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Ümumbəşəri bəla olan koronavirusun qarşısında dünyanın ən inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda Siz xalqımızı epidemiyanın ağır nəticələrindən qoruyursunuz. Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum nail olursunuz. İnşallah, bu çətin günlər də geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz samuxlular əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun. Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun!”.

Sabirabad rayonunun Qalağayın kəndindən Səlminaz Novruzova: “Hörmətli cənab Prezidentimiz, mən Qalağayın kəndinin 65 yaşlı sakiniyəm, 3 övladım, 6 nəvəm var. Ulu öndərimiz Heydər Əliyevin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik. Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır”.

Bakı şəhərinin Binəqədi rayonunun sakini İlham Qayıbzadə: “Hörmətli cənab Prezident, Siz bu ağır günlərdə istirahət demədən, gecə-gündüz demədən çalışaraq vətəndaşların qayığısa qalırsınız, onlara hərtərəfli kömək göstərirsiniz. Sizi daim yanında hiss edən qədirbilən xalqımız Sizi ən yaxın dostu hesab edir. Mən də bu ölkənin bir vətəndaşı kimi, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanın səfərbər olduğu koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirlər, o cümlədən yeni xəstəxanaların tikilməsi, əhaliyə edilən güzəştlər, maddi təminatlar, humanitar yardımlar Sizin xalqımıza dayaq olduğunuzu göstərir. Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir və bizi əmin edir ki, çox keçməz, Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu mübarizədən birlikdə üzüağ çıxacağıq. Cənab Prezident, pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Şirvan şəhərindən sahibkar Qurbanxan Dəmirov: Möhtərəm cənab Prezident, ölümcül virusa qarşı Sizin misilsiz idarəçiliyinizlə mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin. Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır. Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun!”.

Balakən rayonundan Aytac Balagözova: “Hörmətli cənab Prezident, mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Məktub