“Torpaqların işğaldan azad olunma yolu döyüşdür” - Polkovnik
Bu fikirləri Azvision.az -a açıqlamasında uğurlu Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bunu bilərək, ordunu qüdrətləndirmək üçün ciddi işlər görür və bu proses davam etdirilir:
“İşğal edilmiş torpaqların azad olunma yolu müharibə, döyüşdür. Sadəcə zaman məsələsi var. Zaman da hər an ola bilər. Məqamı çatanda bu baş verəcək. Aparılan siyasi xətt, geosiyasi arenada artan nüfuz, Dağlıq Qarabağ münaqişəsinə bəzi dövlətlərin münasibətinin yumşalması da bundan xəbər verir. Çünki əvvəllər Azərbaycanın hərb yoluna əl atacağına dair bəyanatlarına sərt münasibət bildirirdilərsə, indi loyal yanaşılır. Bir sözlə, bu məqamı Azərbaycan Prezidenti, cəmiyyəti, əsgəri gözləyir”.
Ş.Ramaldanov, həmçinin qeyd edib ki, münaqişə ilə bağlı böyük dövlətlərin, həll prosesi ilə məşğul olan təşkilatların bəyanatlarında problemin danışıqlar yolu ilə həll olunma istəyi görünmür.
Elvin Abdulqədirov
Azvision.az