Lavrov mərhələli həll, Mnatsakanyan savaş anonsu verdi - Sahib Alıyevin şərhi

Lavrov mərhələli həll, Mnatsakanyan savaş anonsu verdi -    Sahib Alıyevin şərhi
  22 Aprel 2020    Oxunub:9739
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ haqqında dünənki açıqlaması bir neçə həqiqəti ortaya qoyur. Birincisi budur ki, necə adlanmasından və kimin irəli sürməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı bütün sənədlərdə problemin mərhələli və məhz işğal altındakı torpaqların bir hissəsinin boşaldılmasıyla başlanacaq həlli nəzərdə tutulur.
Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Qarabağla bağlı açıqlamasını Azvision.az -a şərh edən deputat Sahib Alıyev deyib.

Deputat xatırladıb ki, rəsmi Bakının bununla bağlı açıqlamalarını Ermənistan bir sıra hallarda təkzib etməyə çalışmış, Minsk qrupuna həmsədrlik edən dövlətlər isə çox vaxt konkret fikir bildirməkdən yayınmışdılar. İndi isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov problemin həllinə yanaşmada həm öz dövlətinin, həm digər həmsdrlərin mövqelərini açıq, konkret şəkildə dilə gətirir ki, Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır.

"Bu nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycanın Ermənistanı regional layihələrdən təcrid etməsi onun iqtisadiyyasında özünü necə göstərirsə, cənab Prezidentin diplomatiya cəbhəsində bir-brinin ardınca vurduğu zərbələr də o dərəcədə işğalçı ölkənin mövqelərinə təsir etməyə başlayıb. Başqa cür desək, Dağlıq Qarabağda növbəti qanunsuz rejimin formalaşdırılması üçün düzənlənən (keçirilən yox, məhz düzənlənən) "seçkiyə" beynəlxalq qurumların, həmsədr ölkələrin, digərlərinin reaksiyaları və Lavrovun son açıqlaması göstərir ki, Ermənistan qlobal, regional layihələrdən təcrid edildiyi, dalana dirəndiyi kimi, diplomatiya müstəvisində də "izqoya" çevirilir.

Aprel döyüşlərində və cəbhədə özünün yaratdığı digər mürəkkəb vəziyyətlərdə ilk növbədə Moskvadan kömək uman, onu havadar gözündə görən Ermənistanın xarici işlər nazirinin rusiyalı həmkarının işğal altındakı torpaqların boşaldılmasıyla bağlı açıqlamaları qarşılığında ölkəsinin heç bir güzəştə getməyəcəyini bildirməsi də elə "izqoyluq" əlaməti deyilmi?

Yaxşı olar ki, elə məhz Rusiya başda olmaqla bütün həmsədr dövlətlər Ermənistanın xarici işlər nazirninin Dağlıq Qarabağ probleminin həllinə savaşdan başqa heç bir yol qoymayan bu açıqlamasına gərəkən reaksiyalarını bildirsinlər", - deyə deputat vurğulayıb.

Sahib Alıyevin fikrincə, heç kimə sirr deyil ki, konfliktin həllinin bu qədər uzanması təkcə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın son fikirlərindən göründüyü kimi işğalçı ölkənin konstruktivlikdən uzaq olması ilə bağlı deyil, həm də Minsk qrupuna həmsədrlik edənlərin bu cür davranışa yanaşmada sərt, qəti və prinsipial mövqe ortaya qoymamaları, bir sıra hallarda isə ikili standartlardan çıxış etmələri ilə əlaqədardır.

Azvision.az


Teqlər: Deputat   Sahib-Alıyev  





Xəbər lenti