Azad Rəhimov onlayn müşavirə keçirib

Azad Rəhimov onlayn müşavirə keçirib
  22 Aprel 2020    Oxunub:3658
Gənclər və İdman naziri Azad Rəhimov rayon gənclər və idman idarələrinin rəhbərləri ilə onlayn müşavirə keçirib.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də daxil olmaqla, ümumilikdə 70-dən çox rayon və şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.

Müşavirədə nazir vətəndaşlarla mütəmadi qəbulların koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar yığışdırıldığını və əvəzində onların idarələrin yardımı vasitəsilə onlayn mümkünlüyünü vurğulayıb. O, ilk olaraq ölkə başçısı İlham Əliyev tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı və düşünülmüş mübarizə tədbirlərinin atılmasından danışaraq, dövlətin vəziyyəti ilkin mərhələdən nəzarət altında saxladığını bildirib.

Görülən işlərlə bağlı danışan A.Rəhimov region gənclərinin Prezident İlham Əliyevin apardığı siyasətin fəal təbliğatı baxımından önəmini diqqətə çatdırıb, gənclərin bu dönəmdə daha aktiv, yaradıcı olmalarını, gələcəyə yönəlik, karantin dönəmi bitdikdən sonra belə onların həyat kredosuna çevriləcək şüarlar hazırlamalarının vacibliyini dilə gətirib.

Nazir karantin müddətində qurumun istər gənclər, istərsə də idman sahələrini əhatə edən “Evdə qal, idmansız qalma!”, “İdeya var”, “Tələbə baharı”, “Evdə addımla” və digər, artıq neçə illərdir ki, uğurla davam edən “Virtual Qarabağ”, bununla yanaşı, yeni “Mənim qəhrəmanım” layihələri barədə söz açıb, region gənclərinin də onlara cəlb olunmasının önəmini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Zərdab, Oğuz, Masallı, Sabirabad, Siyəsəz və Bərdə rayonlarının idarə rəisləri görülən işlərlə bağlı çıxışlar ediblər.

Keçirilən müşavirənin əsas məqsədi koronavirus infeksiyası ilə əlaqdar ölkədə elan olunmuş karantin müddətində rayon gənclər və idman idarələrinin fəaliyyəti, rayon gənclərinin Nazirliyin həyata keçirdiyi layihələrə qoşulmaları istiqamətində görülən işlər, onların fəaliyyəti ilə daha yaxından tanış olmaq, arzu və istəklərini dinləməkdən ibarət olub.

Azvision.az


Teqlər: Nazir  





Xəbər lenti