“Sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır” - Deputat

 “Sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır” -  Deputat
  19 Aprel 2020    Oxunub:5167
"Pandemiya dövründə atılan addımlar bir daha sübut edir ki, Azərbaycan Prezidenti və dövləti hər zaman öz vətəndaşının yanındadır”.
Bunu Azvision.az -a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Prezidentin tapşırığı ilə 600 min işsiz vətəndaşa iki ay müddətində birdəfəlik ödəmə veriləcək. Bu da aztəminatlı ailələrə olan böyük diqqətin təzahürüdür.

"Azərbaycanda xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Postpandemiya dövründə də ölkəmizdə sosial rifah məsələləri ön planda olacaq".

Deputatın sözlərinə görə, qəbul edilən qərarlar hüquqi bazanın yaradılmasını, praktiki müstəvidə zəruri işlərin görülməsini, eləcə də maddi dəstək tədbirlərini əhatə edir.

“Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və artıq bu istiqamətdə addımların atılmasına start verilib. Aprelin 17-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Ümumilikdə isə əminliklə deyə bilərik ki, görülən bütün tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin növbəti bariz təzahürüdür: Pandemiya dövründə atılan addımlar bir daha sübut etdi ki, Azərbaycan Prezidenti və dövləti hər zaman vətəndaşının yanındadır”,- deyə millət vəkili vurğulayıb.

Azvision.az


Teqlər: Deputat   Vüqar-İskəndərov  





Xəbər lenti