“Biz birlikdə yenidən ölkəmizin xoş günlərinə şahidlik edəcəyik” - Prezidentə yazırlar

  “Biz birlikdə yenidən ölkəmizin xoş günlərinə şahidlik edəcəyik” -    Prezidentə yazırlar
  18 Aprel 2020    Oxunub:5663
Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmaması, ölkəmizin bu bəladan daha az itki ilə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, dövlətimizin başçısının xalqımıza göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla əlaqədar Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Salyan rayonunun Yolüstü kəndinin sakinləri Anar Ağarzayev, Tural Mehdiyev, Cavid Hüseynov və Yaqub Bəşirov yazırlar: “Hörmətli cənab Prezident, Sizə ünvanladığımız təşəkkür məktubları xalqın doğrulan ümidlərinin sədasıdır. Biz bu sözləri böyük fərəh hissi ilə yazırıq. Dünyanın dörd bir yanında fitnə-fəsadlar törədən, insanları gərginlik içində saxlayan koronavirus pandemiyası bizi nə qədər məyus etsə də, bu gözəgörünməz düşmənə qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizə bizi bir o qədər nikbin olmağa ruhlandırır. Əgər xalq öz rəhbərindən ruh alırsa, onun mənəvi dəstəyini hiss edirsə, nə xoş bizim halımıza! Qayğıkeş və əziz Prezidentimiz, bir çağırışınız yetər ki, dağı dağ üstünə qoyaq. İnşallah, bu çətin günlərimizi də tezliklə tarixin yaddaşına köçürəcəyik. Necə ki, o tarixdə xalqımızın adı hər zaman mərdlik nümunəsi kimi göstərilib. Ulu Tanrıdan xalqımıza möhkəm cansağlığı diləyirik”.

Gəncə şəhərinin sakini Günel Əliyeva yazır: “Hörmətli cənab Prezident, dahi Üzeyir Hacıbəyli vaxtilə gördüyü bir mənzərədən təsirlənərək demişdi: “Elə yaşamalıyam, elə yaratmalıyam ki, yaşadığım hər gün, yaratdığım hər bir əsər tarixin dilli yaddaşı olsun”. Cənab Prezident, Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, ona göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaq. Siz gecənizi gündüzünüzə qataraq Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız. Biz Sizinlə birlikdə öz mədəniyyətimizlə, incəsənətimizlə, tolerantlığımızla dünyanı fəth edirik. Allah Sizi qorusun!”.

Bakı şəhərinin Xətai rayonunun sakini Alla Tağıyeva koronavirus epidemiyası şəraitində ölkəmizdə əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyü işlərə görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Hörmətli İlham Heydər oğlu, koronavirus epidemiyası şəraitində ölkəmizdə əhalinin, o cümlədən yaşlı insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyünüz tədbirlərə görə ahıl insanlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Hər bir vətəndaş Vətənini sevməli, onun qarşısında məsuliyyətini dərk etməlidir. Bir həftə əvvəl AzTV kanalında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun konserti nümayiş etdirilirdi. O, yeni yaşayış massivindəki binalardan birinin mənzilinin eyvanında çıxış edirdi. Bir saatdan çox davam edən bu konsertdən təsirlənərək, mən də öz sevgimi aşağıdakı şeirlə ifadə edirəm:

Evlərinə çəkilib daldalandı insanlar,

Bəlalardan yayınıb, olmadılar heç rahat.

Bir tikə göy üzüydü eyvanda, bir də Günəş,

Ağır bir dərs keçirdi indi onlara həyat.

Qəfil göyün üzündə bir nəğmə süzdü sanki,

Qorxu qeybə çəkildi – elə bil heç yox imiş.

O nəğməyə qoşuldu eyvandakılar bir-bir

Süzür, süzür göylərdə – o nəğmə bir azad quş...

Bacı-qardaş kimiydi eyvanlarda adamlar

Açdı öz ağuşunu onlara nəğmə bu an.

Qarşıdakı eyvandan sevgi bağışlayırdı

Bir də ki ürəyini o nəğməni oxuyan.

“Hər şey yaxşı olacaq” – oxuyurdu nəğməkar,

Onun saf səsindəcə ümid çiçəkləyirdi.

Hər kəs öz eyvanından alqışlayırdı onu,

Sevinc içində gözlər göz yaşı çiləyirdi.

Qürurla döyünürdü ürəyi insanların!

Bayrağımız qalxmışdı eyvanında dünyanın!”.

Qəbələ rayonunun Şamlı kəndinin sakini Rəşad Rəfiyev dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Hörmətli cənab Prezident, Sizi salamlayır və hər vaxtınızın xeyirli olmasını arzu edirəm. Cənab Ali Baş Komandan, bu məktubu Sizə yazmaqda məqsədim şəxsinizə olan hörmət və ehtiramımı, minnətdarlığımı bildirməkdir. Qəbələ rayonunda sadə, aztəminatlı bir ailədə böyümüş, bir çox çətinliklər görmüş və hər zaman şükür etmiş bir vətəndaş kimi bu çətin günlərdə də Sizinlə bərabər olduğumu söyləmək istəyirəm. Bəli, cənab Prezident, Siz söylədiyiniz kimi, “Biz birlikdə güclüyük!” Sizdən özünüzə yaxşı baxmağı, özünüzü qorumağı xahiş edirik. Çünki bu xalqın Sizin kimi liderə hər zaman ehtiyacı var. Allah Sizi qorusun!”.

Azərbaycan Prezidentinin verdiyi qərarlar sayəsində ölkəmizin pandemiyaya qarşı uğurla mübarizə apardığını qeyd edən Biləsuvar rayonunun sakini Elminaz Miriyeva yazır: “Hörmətli cənab Prezident, dünyada geniş yayılmış yeni koronavirus infeksiyasının törətdiyi fəsadlar bütün bəşəriyyəti ölüm təhlükəsi ilə üz-üzə qoyub. Dünyanın bir sıra qabaqcıl ölkələri bu virusla mübarizədə çətinlik çəkir. Sizin bu hadisəyə çevik reaksiyanız, məqsədyönlü addımlarınız, zamanında verdiyiniz qərarlar sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə aparır. Bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın keşiyində duran tibbi heyətin, gecə-gündüz yorulmadan çalışan polis əməkdaşlarının, hərbçilərin, aidiyyəti dövlət qurumlarının işçilərinin əməyinin yüksək dəyərləndirilməsi bir dövlət başçısı olaraq Sizin uzaqgörən siyasətinizin göstəricisidir. Əziz Prezidentimiz, biz biləsuvarlı qadınlar əminik ki, bütün çətinliklərə sinə gərdiyimiz kimi, bu sınaqdan da üzüağ çıxacağıq. Biz birlikdə yenidən ölkəmizin və xalqımızın xoş günlərinə şahidlik edəcəyik. Biz birlikdə güclüyük! Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun!”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Məktub  





Xəbər lenti