“Hər bir vətəndaşın problemini həll etmək fədakarlıqdır” - Hikmət Babaoğlu

 “Hər bir vətəndaşın problemini həll etmək fədakarlıqdır” -   Hikmət Babaoğlu
  18 Aprel 2020    Oxunub:3719
"Azərbaycanda postpandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar indidən qəbul edilir. Paralel olaraq, koronavirus təhdidini minimum endirmək üçün sırf tibbi müstəvidə bütün zəruri addımlar atılır, səhiyyə xidmətləri təmin edilir".
Bu fikirləri Azvision.az -a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat xatırladıb ki, bu sahədə çalışan vətəndaşların əmək haqları 3-5 misli artırılır: "Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. 17 apreldə Prezident İlham Əliyev tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb".

H.Babaoğlunun sözlərinə görə, görülən tədbirlər dövlətin sosial öhdəliyi çərçivəsini çoxdan aşıb: “Bu, yalnız Prezident İlham Əliyevin öz vətəndaşının yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər. Sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minimum həddə endiyi, əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxtda hər bir vətəndaşın problemini həll etmək əzmi sadəcə olaraq fədakarlıqdır. Bu, hər bir vətəndaşın Prezidenti olmaq siyasətinin nəticəsidir. Ancaq bunlar məsələnin yalnız bir tərəfidir. Əgər dövlətin iqtisadi-maliyyə imkanları arzu edilən sosial siyasəti icra etməyə qadir olmasaydı, o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmazdı. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli, məqsədyönlü siyasət bu gün dövlətimizi iqtisadi-siyasi baxımdan güclü edib. Odur ki, dövlət istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir”.

Millət vəkili əlavə edib ki, bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir: "Əlavə olaraq, Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zamanda də növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Alınan tədbirlərlə yanaşı, qərarların icra olunması mexanizmi də vacibdir. Hazırda müvafiq icra orqanı tərəfindən bu proses uğurla həyata keçirilir. Ona görə də əminliklə deyə bilərik ki, hazırkı tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq-iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır. Ölkədə həyata keçirilən sosial siyasət paketi sosial dövlət davranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilir".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Deputat   Koronavirus  





Xəbər lenti