Dərs alınacaq nitq - Musa Qasımlının şərhi

   Dərs alınacaq nitq -    Musa Qasımlının şərhi
  18 Aprel 2020    Oxunub:3136
Cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə ölkəmizin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı bir sıra məsələləri göstərdi. Dövlət rəhbərinin geniş məzmun və dərin məna kəsb edən nitqində millət olaraq bu günümüz və gələcəyimiz üçün vacib olan bəzi dərslərə diqqəti yönəltmək istəyirəm.
Koronavirus pandemiyası və Azərbaycan nümunəsi

Nitqində dövlət başçısı bir daha göstərdi ki, ölkəmiz 2020-ci ilə uğurla başlayıb və islahatların davam etdirilməsi yaxşı nəticələr verir. İlk iki ayda iqtisadi və sosial göstəricilər müsbət olsa da, mart ayındakı geriləmə koronavirus pandemisyasının yaratdığı şəraitlə bağlıdır. Bu vəziyyət dünyanın bir parçası olan Azərbaycana təsir etsə də, önləyici tədbirlər nəticəsində vəziyyət nəzarət altında saxlanılır. Heç kəsə sirr deyil ki, əgər addımlar vaxtında atılmasaydı, bu gün xəstələrin sayı on minlərlə ola bilərdi. Təsadüfi deyildir ki, bir sıra ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsindən istifadə edirlər. Görülən tədbirlər bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin başlıca məqsədi insanların sağlamlığını və həyatını qorumaqdır. Buna görə Azərbaycan vətəndaşları cənab Prezidentə minnətdarlıq edirlər.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsiri etdiyi hamıya bəllidir. Beynəlxalq maliyyə qurumları bu pandemiyadan yarana biləcək böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağını bildirirlər. Artıq Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib. Bu ölkələrin bir çoxunun davamlı müstəqil dövlətçilik tarixi bir neçə əsrə gedib çıxır. Azərbaycanın adının həmin siyahıda olmaması ölkəmizdə cənab Prezidentin liderliyində yürüdülən siyasətin düzgünlüyünü göstərir və bir daha təsdiq edir ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Deməli, cənab Prezidentin nitqindən alınan başlıca dərs ondan ibarətdir ki, milləti öz ətrafında birləşdirib irəli aparan dövlət hakimiyyəti qüdrətli, idarəçilik çevik və səmərəli, iqtisadiyyat güclü olmalı, millətə və dövlətə müdrik, yüksək intellektual, dünya işlərini mükəmməl bilən dövlət xadimi rəhbərlik etməlidir. Necə ki, bunu cənab Prezidentimizin şəxsi nümunəsi təsdiq edir. Hakimiyyətə küçədən gəlmək olmaz. Millət güclü, dövlət isə qüdrətli olmalıdır.

İnkişafımız demokratiya və islahatların davam etdirilməsi ilə bağlıdır

Bir daha təsdiq olundu ki, ölkəmizin inkişafı demokratiya ilə bağlıdır və bundan sonra da demokratik inkişaf istiqamətində əhəmiyyətli addımlar atılacadır, bu məsələdə dövlət başçımızın güclü siyasi iradəsi vardır. Siyasi və iqtisadi islahatlar paralel aparıldıqda böyük uğurlar qazanmaq olur. Son illərdə ölkədə aparılan struktur islahatları davam etdiriləcəkdir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Dövlət başçısının islahatlar xətti Azərbaycan vətəndaşları tərəfindən bəyənilir. Bu baxımdan parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addım oldu. Cəmiyyətdə fikir müxətlifliyinin olması normal haldır, tarixən həmişə olub, bu gün var, bundan sonra da olacaqdır. Lakin dövlətçilik maraqları hamını birləşdirməli, mövqe aydın və birmənalı olmalıdır. Gündüz bir, günorta başqa, axşam isə tamamilə fərqli və yayğın danışan, üzə gülüb arxada iş çevirərək özlərini siyasətçi sayanları millət riyakar və fürcətcil kimi tanıyır və qəbul etmir.

Nitqdə siyasi sistemin islahatları üçün dialoqun vacibliyi bir daha göstərildi. Heç kəsə sirr deyil ki, bizim gücümüz birliyimizdə olsa da, bu gün birliyimizi pozaraq milli-dövlət maraqlarına qarşı çıxanlar vardır. Dialoqdan imtina edənlər əslində iqtidara qarşı yox, dövlətimizə, millətimizə qarşı adət-ənənələrimizə yad olan üsullarla mübarizə aparırlar. Onların başlıca məqsədi bütün vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirməkdir. Siyasi mübarizədə söyüş və təhqiri vasitə kimi seçən və xarici qüvvələrə bel bağlayan bu şəxslər hesab edirlər ki, ölkəmiz və millətimiz üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Belə mövqedə olanları millət yaxına buraxarmı? Cavab aydındır! Onların “narıncı inqilab” etmək, “ərəb baharı”nı ölkəmizə gərimək kimi niyyətləri unudulmayıb. İndi isə koronavirus pandemiyasının yaratdığı şəraitə sevinən bu qruplaşmanın mövqeyini millət görür və onları qəbul etmir. Həmin şəxslərin düçar olduğu isterika bununla bağlıdır. Deməli, cənab Prezidentin nitqindən alınan növbəti dərs ondan ibarətdir ki, cəmiyyətdə fərqli siyasi baxışların olmasına baxmayaraq, milli-dövlət maraqlarının qorunmasında vətəndaşlar, ictimai-siyasi təşkilatlar daim bir yerdə olmalı, onun əleyhinə olanları isə cəmiyyət özündən tamamilə təcrid etməlidir. Millətimizin və dövlətimizin bu günü və gələcəyi özümüzdən, milli birliyimizdən, cənab Prezidentin rəhbərliyi altında dövlətimizin ətrafında sıx birləşməyimizdən asılıdır.

Dünyada Azərbaycana böyük maraq

Cənab Prezident nitqində göstərdi ki, əməkdaşlıq üçün açıq olan Azərbaycana dünyada böyük maraq vardır, ölkəmizlə əməkdaşlıq etmək, sərmayə qoymaq istəyənlərin sayı artır. Bu, sadəcə maraq deyil, Prezident İlham Əliyevə və onun liderliyində Azərbaycan dövlətinin bu günü və gələcəyinə olan etimad və inamla bağlıdır. Deməli, nitqdən alınan növbəti dərs ondan ibarətdir ki, Azərbaycanın bu günü və gələcəyi təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı tərəfindən yürüdülən siyasətlə bağlıdır.

Ermənistana vurulan diplomatik-siyasi zərbə

Nitqində cənab Prezident Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Münxen Təhlükəsizlik Konfransında geniş auditoriyaya çatdırmasını xatırlatdı. Bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub, Azərbaycanın mövqeti isə tarixi sənədlərə, reallıqlara və beynəlxalq hüquqa əsaslanır.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılmış qondarma qurumda “keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ni bütün aparıcı beynəlxalq təşkilatların tanımadığını bəyan etmələri, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiyanın, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, hətta Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Türk Şurasının verdikləri açıqlamalar Ermənistan vurulan növbəti beynəlxalq diplomatik-siyasi zərbə oldu. Deməli, cənab Prezidentin nitqindən alınan daha bir dərs ondan ibarətdir ki, bizim hər birimiz Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatıdırlmasında fəal olmalı, milli-dövlət maraqlarımızı qətiyyətlə qorumağı bacarmalıyıq.

İkili standartların konkret təzahürü

Cənab Prezident qondarma “seçkiləri” pisləyən beynəlxalq təşkilatların arasında 20 il ərzində Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyən Avropa Şurası, Avropa Şurası Parlament Assambleyasının adının olmadığına diqqəti yönəltdi. Birmənalı olaraq bildirdi ki, onların qəbul etdikləri qətnamə və qərarlar kağız parçasından başqa bir şey deyil. O təşkilatın Azərbaycanla bağlı məruzəçilərin susduqları vurğulandı. Açıq şəkildə bildirildi ki, kiçik bir hadisə baş verən kimi ölkəmiz haqqında yalan, böhtan uyduranlar bundan sonra Azərbaycan üzrə məruzəçi olmaq üçün mənəvi haqqlarını itiriblər. Çirkin bəyanatların arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi deyil, Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq və maraqlarına zərbə vurmaq məqsədi dayanır. Deməli, cənab Prezidentin nitqindən çıxarılan dərslərdən biri ondan ibarətdir ki, millətimiz ona bədxah münasibət bəsləyənləri yaxından tanımalı və qətiyyətli olmalıdır.

Dildə, fikirdə və işdə birlik

Dövlət başçımızın nitqi türk dövlətləri ilə əlaqələrin bu gün və gələcəkdə də inkişaf etdirilməsinin vacibliyi baxımından əhəmiyyətli oldu. Məlum olduğu kimi, keçən ilin oktyabr ayında bu təşkilatda sədrliyi öz üzərinə götürən Azərbaycanın təşəbbüsü ilə ötən günlərdə cənab Prezidentin sədrliyi altında videokonfrans şəklində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə zirvə görüşü keçirildi. Türk Şurası hələlik dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı zirvə görüşü keçirib. Görüş çərçivəsində səslənən fikirlər, qarşılıqlı dəstək, həmrəylik, qəbul edilmiş yekun bəyannamə bir daha göstərdi ki, bu təşkilatın yaxşı gələcəyi vardır, ağır gündə türk dövlətləri və xalqları bir-birinin yanındadırlar. Bununla da cənab Prezident dildə, fikirdə və işdə birliyi belə çətin şəraitdə reallaşdıraraq bütün türk dövlətləri və xalqlarına örnək verdi. Deməli, cənab Prezidentin nitqindın alınan növbəti dərs ondan ibarətdir ki, türk dövlətləri və xalqları arasında sıx əməkdaşlıq, fəaliyyət birliyi zəruridir və davam etdirilməlidir.



Musa Qasımlı,
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor



Teqlər:





Xəbər lenti