Heyvan xəstəliklərinə qarşı peyvəndləmə işlərinə başlanılıb

Heyvan xəstəliklərinə qarşı peyvəndləmə işlərinə başlanılıb
  18 Aprel 2020    Oxunub:3024
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı qarşıya qoyduğu tələblər, həmçinin həyati əhəmiyyət kəsb edən sahələrdə fəaliyyətlərin davam etdirilməsi qaydaları gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər davam etdirilir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işləri plana uyğun şəkildə həyata keçirilir. Hazırda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, 2020-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq Balakən rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda ölkədə olduğu kimi, Balakən rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Yanvar ayından bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 38 060 baş iribuynuzlu, 1 300 baş təkdırnaqlı heyvanda qarayara, 28 101 baş xırdabuynuzlu heyvanda dabaq, 4 300 baş sahibli itdə və 4 900 baş vəhşi heyvanlar arasında oral yolla quduzluq, 100 min baş körpə cücələrdə (“La-sota” ştammı ilə), 1 350 baş xırdabuynuzlu və 2 100 baş bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Aprel ayının ilk günlərindən isə Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən 11 sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı idarəyə daxil olmuş 20 800 doza miqdarında dabaq vaksininin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbir aparılan ərazi kimyəvi maddələrlə dezinfeksiya olunur. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd edirlər. Həmçinin, peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət etsinlər. Həmçinin, fermerlərə təsərrüfatlarında dabağın baş verməməsi üçün baytarlıq-sanitariya qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti