COVID-19-la bağlı virtual konfrans keçirildi
Texniki olaraq İSİM-də təşkil edilən konfransa reanimatoloq, anestezioloq, terapevt, pediatr, ailə həkimi və digər ixtisaslı tibb işçiləri virtual olaraq internet vasitəsilə qoşulublar.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva, Bakı Sağlamlıq Mərkəzinin reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Təranə Göyüşova, İSİM-in şöbə müdiri Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev, İSİM-in şöbə müdiri Samir Mehdiyev və həkim-metodisti Könül İsmayılova konfransda çıxış ediblər.
Çıxışlarda COVID-19 xəstəliyinin epidemiologiyası, bu xəstəliyə infeksion nəzarət və tibb müəssisəsinin hazırlığı, tibb işçiləri arasında kontakt, hava və damcı yolu ilə yoluxmanın profilaktikası, fərdi qoruyucu vasitələr: geyinmə və soyunma, COVID-19 zamanı radioloji müayinənin əsasları, reanimasiya şöbəsində ağır və çox ağır COVID-19 xəstələrinin menecmenti: Türkiyə və ABŞ təcrübəsi, mexaniki ventilyasiya və oksigenasiya və digər aktual məsələlər diqqətə çatdırılıb. Səmərəli fikir mübadiləsi şəraitində keçən virtual konfransın iştirakçılarına online sertifikatlar təqdim edilib.
Azvision.az
Teqlər: SəhiyyəNazirliyi