Ədliyyə Nazirliyi iki partiyanı dövlət qeydiyyatına aldı

Ədliyyə Nazirliyi iki partiyanı dövlət qeydiyyatına aldı
  16 Aprel 2020    Oxunub:1809
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılıb.
Ötən dövrdə bu sahədə fəaliyyəti tənzimləyən qanunvericiliyə əsasən müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə, o cümlədən siyasi sistemin inkişafı yolunda genişmiqyaslı məqsədyönlü islahatlar həyata keçirilir.

Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.

Ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu günlərdə Nazirlikdə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprelin 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Partiya  





Xəbər lenti