“Pandemiya ilə mübarizə dövlətin gücünü göstərdi” - Deputat

 “Pandemiya ilə mübarizə dövlətin gücünü göstərdi” -  Deputat
  15 Aprel 2020    Oxunub:4617
"Prezident İlham Əliyevin cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxış proqram xarakteri daşımaqla ölkə həyatının bütün sahələrini əhatə edirdi".

Bunu Azvision.az -a açıqlamasında millət vəkili, politoloq Elşad Mirbəşir deyib.
O vurğulayıb ki, Prezident ölkənin əsas gündəm məsələsi olan koronavirus pandemiyası barədə olduqca dəqiq təsbitlər etməklə insanlarımızda mövcud vəziyyətə dair aydın təsəvvür formalaşdırdı: "Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizə çərçivəsində həyata keçirilən çoxistiqamətli tədbirlər bir daha onu təsdiq etdi ki, insanlarımızın təhlükəsizliyi ölkə rəhbərliyi üçün hər şeyin fövqündə dayanır. Məhz bu təhlükəsizliyi təmin etmək, insanlarımızı qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və çox qısa müddət ərzində uğurlu nəticələr əldə edildi. Gündəlik yoluxma faktlarının dinamikası da göstərir ki, ölkəmizdə ümumi vəziyyət ümidvericidir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bunları görür və rəğbətlə qarşılayır. Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı müraciətlər də təsdiq edir ki, vətəndaşlar görülən işləri yüksək qiymətləndirirlər. Bir cümlə ilə ifadə etsək, pandemiya ilə mübarizə Azərbaycan dövlətinin gücünü və qadir olduğu imkanları göstərdi. Bir daha öz təsdiqini tapdı ki, uğurlu inkişaf üçün iqtisadiyyat davamlı olmalıdır. Azərbaycanın iqtisadi gücü, xalq-iqtidar birliyi və möhkəm həmrəylik qlobal bəlanın ölkəmizə zərərlərini minimumlaşdırdı".

E.Mirbəşir bildirib ki, Azərbaycan 2020-ci ilə sistemli islahatlar ili kimi qədəm qoydu və cari ilin birinci yarısında bu meyil özünü açıq şəkildə göstərdi: "Qeyd etmək lazımdır ki, hakimiyyətin bütün qollarında aparılan islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə inamla qədəm qoyur. Həyata keçirilən gəncləşmə siyasəti və peşəkar kadrların önəmli vəzifələrə gətirilməsi idarəetmə mexanizminin təkmilləşmsinə gətirib çıxarıb. Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması prosesi sürətlə gedir. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclis sədrinin müavini vəzifəsinə seçildi. Tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər. Bütün bunlar ona dəlalət edir ki, Azərbayanda siyasi sistemin yeni konfiqurasiyası formalaşır. Əlbəttə, əsas məqsəd bütün siyasi qüvvələr tərəfindən dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin qurulmasıdır. Cənab Prezidentin də vurğuladığı kimi, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır: dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf. Bu baxımdan, hakimiyyət tərəfindən müxalifət partiyaları ilə siyasi dialoqun başlanması istiqamətində atılan addımlar yeni siyasi reallıqları ehtiva edir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti