Suriyaya istiqamət alan sirli TIR Türkiyəni qarışdırdı

Suriyaya istiqamət alan sirli TIR Türkiyəni qarışdırdı
  03 Yanvar 2014    Oxunub:1199
AzVision.az xəbər verir ki, Türkiyədən Suriyaya doğru hərəkət edən TIR ölkədə xüsusi xidmət, polis, jandarma, prokurorluq və yerli hakimiyyət orqanları arasında böhrana səbəb olub.

Türkiyə mətbuatı xəbər verir ki, yanvarın 2-nə keçən gecə ölkənin Suriya ilə həmsərhəd Hatay bölgəsində “Fiat” markalı avtmobilin müşayiəti ilə hərəkət edən TIR polislər tərəfindən saxlanılıb. Polislər maşında silah daşındığı haqda məlumatın olduğunu bildirərək TIR-da axtarış aparmaq istəyiblər.

Lakin məlum olub ki, TIR-dakılar və onu müşayiət edən maşındakılar Milli İstihbarat Təşkilatının (MİT) mənsublarıdır.

Bunu görən polislər TIR-da axtarış aparılması barədə sanksiya vermək üçün vilayət prokuroruna təqdimat göndəriblər. Prokuror TIR-ın saxlanıldığı yerə gedib, maşında axtarış aparılması barədə sanksiya verib və axtarışın aparılmasını jandarmaya həvalə edib.

Jandarma axtarışa başlamaq istəyəndə Hatay valisindən təcili yazılı təlimat gəlib. Vali bildirib ki, maşında axtarış aparılmasına icazə verilmir. Nəticədə jandarma və prokuror TIR-da axtarışın aparılmasına icazə verilmədiyinə dair protokol tərtib edərək gediblər.

TIR-ı saxlayan polislər az sonra işdən azad edilib. Həmçinin Hatay polisinin mütəşəkkil cinayətkarlıq və terrora qarşı mübarizə şöbələrinin rəisləri də işdən azad olunublar. Yük maşını MİT əməkdaşlarının müşayiəti ilə Suriyaya keçib və yükünü boşaldaraq geri qayıdıb. Məsələni ana müxalifət partiyası CHP bu gün parlamentdə qaldırıb və TIR-ın nə daşıdığı barədə sorğu verib. Daxili işlər naziri Afkan Ala yük barədə izahat verməkdən imtina edərək onun “yardım xarakterli olduğunu” bildirib.

CHP Hatay millət vəkili Hasan Akgöl bildirib ki, hüquq qaydaları tapdalanıb və açıq-aşkar hökumətin, MİT-in icazəsi altında Suriyaya daşınan silahlara icazə verilib. Bəzi qəzetlər TIR-ın Suriyada Əsəd rejiminə qarşı döyüşən və “əl-Qaidə”yə bağlı “əl-Nusra” briqadasına silah daşıdığını yazıblar.

Virtualaz.org

Qalereya




Teqlər:





Xəbər lenti