Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

   Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
  13 Aprel 2020    Oxunub:1764
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 7 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Şahin Murquzovun “Topaz” Mənzil-Tikinti Kooperativi, Aftandil Əliyev və Nərmin Hacıyevaya (İskəndərliyə) qarşı alqı-satqı müqavilələrinin və əmlaka dair qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 7 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.4-cü və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti