“Marginal qüvvələr çirkin kampaniyalarından əl çəkmirlər”

“Marginal qüvvələr çirkin kampaniyalarından əl çəkmirlər”
  13 Aprel 2020    Oxunub:2148
Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Videokonfransa türkdilli dövlət başçıları ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus da qatılmışdı. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirir. Bu da türkdilli ölkələr arasında həmrəyliyin daha bir təzahürüdür.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans bir neçə səbəbdən vacib idi. Birincisi, dövlət başçıları dünyanı, sözün həqiqi mənasında, lərzəyə salan koronavirusla (COVID-19) mübarizə məsələsini müzakirə etdilər. Möhtərəm Prezidentimiz də qeyd etdiyi kimi, fövqəladə Zirvə görüşünün əsas məqsədi dövlətlər səviyyəsində atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, türkdilli ölkələrin bir-birinə dəstək göstərməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Prezidentimiz xüsusi olaraq vurğuladı ki, Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.

İkincisi, türkdilli dövlətlərin fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasının indiki ağır şəraitdə də fəaliyyətini davam etdirməyə qadir olduğunu, müzakirələrə ara vermədiyini göstərdi. Türk Şurasının beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə hazır olduğu videokonfransın tribunasından bir daha bəyan edildi. Bu mənada Zirvə toplantısı digər beynəlxalq təşkilatlara və birliklərə örnək sayıla bilər. Koronavirus pandemiyası özlərini strateji tərəfdaş adlandıran ölkələr arasında müxtəlif fikir ayrılıqları yaradarkən, qarşılıqlı ittihamlara yol açarkən, bəzilərini hətta strateji tərəfdaşlarının tibbi maskalarını hava limanlarından “oğurlamaq” dərəcəsinə çatdırarkən, gələcəkdə vəziyyətdən necə çıxacaqlarını bilməyənlərdən fərqli olaraq, Türk Şurasının üzvləri əsl əməkdaşlıq və anlaşma nümunəsi göstərirlər, bu əzmlə davam etmək niyyətində olduqları videokonfransdan bir daha göründü.

Üçüncüsü, fövqəladə Zirvə görüşündə iqtisadi mövzuların da müzakirə olunması onu göstərdi ki, Türk Şurası hətta bu ağır şəraitdə belə iqtisadi və regional əməkdaşlığın inkişaf yollarını təhlil edərək gələcək addımları müəyyənləşdirir. Prezident İlham Əliyev dedi ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Bu, mühüm göstəricidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışında Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı yükdaşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkünlüyünü vurğuladığını bildirən Milli Məclis Sədrinin müavini deyib: “Türkiyə Prezidenti bildirdi ki, hazırda əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3500 ton yükün daşınmasına nail olmaqdır. Şübhə etmirəm ki, türkdilli dövlətlər buna da nail olacaqlar”.

Videokonfransda Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulmasının da təklif edildiyini diqqətə çatdıran Adil Əliyev bildirib ki, beləliklə, quruma üzv ölkələr həm koronavirusa qarşı birgə mübarizə, həm də iqtisadi və regional əməkdaşlığın inkişafı yollarını ətraflı müzakirə etdilər. Əlbəttə, Türk Şurası ölkələri arasında hər iki istiqamətdə əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır.

Hazırda ölkəmizdə koronavirus xəstələrinin 20-dən artıq dövlət xəstəxanasında müalicə olunduqlayını qeyd edən A.Əliyev deyib: “Azərbaycan Prezidentinin qərarı ilə yaxın müddətdə hər birinin 200 çarpayılıq yeri olmaqla 10 müasir modul tipli xəstəxana istifadəyə veriləcək. Dövlətimizin başçısı koronavirusla mübarizə aparan həkimlərimizin əməyini yüksək qiymətləndirib. Bu infeksiyaya yoluxmuş vətəndaşlarımıza xidmət göstərən həkimlərin maaşı əvvəlki əməkhaqlarının 3-5 misli məbləğində artırılıb. Bu, dövlətin həkimlərə göstərdiyi qayğının təzahürüdür.

Azərbaycanın pandemiya dövründəki fəaliyyəti, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı ilə başqa dövlətlərə örnəkdir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə ÜST-ün nümayəndələri hələ martın əvvəllərində Bakıya dəvət olunmuşdular. O zaman koronavirusa qarşı birgə mübarizə məsələləri müzakirə edildi. Vaxtında görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirusun yayılmasını indiyədək nəzarətdə saxlamaq mümkün olub. Halbuki, dünyanın aparıcı ölkələri epidemiya nəticəsində ağır itkilər verməkdə davam edirlər. Azərbaycan həmin dövlətlərin səhvlərini təkrarlamadı. Buna görədir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus martın 23-də Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verdi. O, pandemiyaya qarşı görülmüş tədbirlərə görə Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirdi. Təşkilatın rəhbəri videkonfransda bu dəyərləndirməsini bir daha təkrarladı”.

Azərbaycan Prezidentinin koronavirusdan əziyyət çəkən vətəndaşları və sahibkarları da diqqət mərkəzində saxladığını vurğulayan Milli Məclis Sədrinin müavini bildirib ki, pandemiya dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub. Prezidentimiz əhalinin sosial rifahını düşünərək Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, həm də makroiqtisadi durumu və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayırıb. Təəssüf ki, Azərbaycanın koronavirusla uğurla mübarizə apardığı və bu mübarizənin dünya miqyasında yüksək qiymətləndirildiyi bir vaxtda ölkəmizdəki və xaricdəki marginal qüvvələr çirkin kampaniyalarından yenə də əl çəkmirlər. Doğrudur, xaricdən dövlətimizin ünvanına hər zaman yalan və böhtan yağdıran birisi dünən yazdığı statusda özü də etiraf etməli oldu ki, Azərbaycanın koronavirusla mübarizədə uğurları var. Marginalların ümumi dəst-xətti isə budur ki, dövlətin bütün etdikləri səhvdir.

“Dövlətimiz bütün institutları ilə gərgin fəaliyyət göstərir, hər sahə, xüsusilə də sosial problemlərin həlli diqqət mərkəzindədir. Biz ayaqdayıq, kimimiz ehtiyacı olan vətəndaşları müəyyənləşdirərək onlara yardıma tələsir, kimimiz qan verir və ağır xəstələri xilas edir. Kimlərsə də azsaylı marginallar kimi kənarda dayanıb, heç kimə yardım etmədən, özlərinin “siyasi ambisiyalarından” çıxış edərək iş görənlərin fəaliyyətini qaralamağa çalışırlar. Ancaq unudurlar ki, cəmiyyət bizim nə etdiyimizi də görür, sosial şəbəkənin əllərini ağdan-qaraya vurmayan qara təbliğatçılarını da müşahidə edir”, - deyə Adil Əliyev qeyd edib.

Azvision.az


Teqlər: Adil-Əliyev   Milli-Məclis  





Xəbər lenti