Karantin rejimini pozanlarda narkotik aşkarlandı - FOTO

Karantin rejimini pozanlarda narkotik aşkarlandı -  FOTO
  13 Aprel 2020    Oxunub:3835
Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxslər icazə sistemi vasitəsi ilə ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.



Bundan başqa, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib.



Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı E.Cavadzadədən 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti