Qırğızıstan Prezidenti: “İlham Əliyevə minnətdarlığımı bildirirəm”

     Qırğızıstan Prezidenti:    “İlham Əliyevə minnətdarlığımı bildirirəm”
  11 Aprel 2020    Oxunub:2541
Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə əməkdaşlığı möhkəmlədəcəyik.
Azvision.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Qırğızıstan Prezidenti çıxışında bildirib: "Koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünyaya uğurlar, tezliklə adi həyata qayıtmaq və dövlətlərimizin firavanlaşmasını arzu etmək istərdim. Bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə və Türk Şurasına dərin minnətdarlığımı bildirirəm.

Qırğız Respublikasının Prezidenti qeyd edib ki, müasir dövrün ən vacib çağırışı koronavirus infeksiyasının dünyada yayılmasıdır. O, Qırğızıstanda bu xəstəliyə qarşı mübarizədə görülən işlərdən danışıb və ölkəsinin ciddi təhdidlərlə üzləşdiyini vurğulayaraq deyib:

"Təəssüf ki, bizim ölkəmizdə də yoluxmuş insanların sayı artır. Virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı dəstəkləmək üçün hər cür tədbir görülür. Vəziyyət tam nəzarətdədir. Fürsətdən istifadə edib Türk Şurasının üzvü olan dövlətlərin – Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyənin rəhbərliyinə bizə göstərdikləri köməyə görə təşəkkürümü bildirmək istəyirəm".

Prezident Sooronbay Jeenbekov koronavirus infeksiyasının dünyada yayılmasının və bunun nəticəsində yaranmış vəziyyətin davamlı xarakter almasının çoxsaylı risklərə səbəb olduğunu bildirib, pandemiyanın qarşısını almaq üçün birgə səylərin əhəmiyyətinə toxunaraq deyib.

"Türk Şurasında Azərbaycanın sədrliyi çox mürəkkəb dövrdə keçir. Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığı möhkəmlədəcəyik. Ümid edirəm ki, ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq".

Azvision.az


Teqlər: SooronbayJeenbekov  





Xəbər lenti