Azərbaycanda koronavirusla bağlı 60 minə yaxın test keçirilib

  10 Aprel 2020    Oxunub : 2027
 Azərbaycanda koronavirusla bağlı 60 minə yaxın test keçirilib
On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, ölkəyə qaytarılmış bütün vətəndaşlar dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilib:

"Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılıb. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılıb.

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır".

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident