“Beynəlxalq ictimaiyyət qanunsuz seçkiləri rədd etdi” - Hikmət Hacıyev

“Beynəlxalq ictimaiyyət qanunsuz seçkiləri rədd etdi” -  Hikmət Hacıyev
  08 Aprel 2020    Oxunub:2974
"Bu günlərdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirilib. Qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib: "Beynəlxalq ictimaiyyət bu seçkilərin qeyri-qanuni xarakter daşıdığını, bunu tanınmadığını bir daha vurğuladı. Burada xüsusilə Qoşulmama Hərəkatına üzv ölkər tərəfindən ifadə olunan mövqeyi qeyd etmək istərdim. Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədi".

H.Hacıyev qeyd edib ki, burada koronavirusla bağlı məsələlər də var: "Belə ki, bu, açıq şəkildə Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin xislətini bir daha göstərdi. Bütün dünya koronavirusdan əziyyət çəkdiyi zamanda onlar öz çirkin siyasi oyunlarını davam etdirdilər. Burada xüsusi karantin rejimi və koronavirusla əlaqədar olan məsələlər nəzərə alınmadan qondarma seçki şousu təşkil olundu. Bu da bilavasitə Ermənistanın və qondarma rejimin xislətini açıq şəkildə göstərir və onun çirkin niyyətlərini qabarıq şəkildə büruzə verir".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Qarabağ   Seçki  





Xəbər lenti