“Şikayət edənlərin çoxu əmək müqaviləsi olmayanlar idi” - Nazir

 “Şikayət edənlərin çoxu əmək müqaviləsi olmayanlar idi” -  Nazir
  07 Aprel 2020    Oxunub:3101
Pandemiyanın və bərabərində gətirdiyi məhdudiyyətlərin iqtisadiyyata, məşğuliyyətə vurduğu mənfi zərərlərin aradan qaldırılması üçün silsilə tədbirlər görülür. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 4 istiqamət üzrə 10 tədbir nəzərdə tutulub. Bu tədbirlər 1 milyon 900 min insan əhatə edəcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, sosial sahədə dayanaqlılığın qorunması üçün istifadə olunacaq vəsait 394 milyon manatdır.

“Bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiəsi Fondundan, 91 milyonu İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək. Bu gün dövlət büdcəsi ilə yanaşı, dövlət qurumlarının ehtiyatları bu istiqamətlərə yönəldilib. Tədbirlərin həyata keçirilməsi üçün 4 ana istiqamət var və bunun hər birinin arxasında müxtəlif kəsimdən olan insanlara dəstək verilməsi durur. Birinci istiqamətdə dövlət sektorunda əmək müqaviləsi ilə çalışan 910 min işçinin hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Əsassız ixtisarlara yol verilmir, müəyyən edilmiş kvota çərçivəsində həyati vacib obyektlərin, qurumların fəaliyyətinin davam etdirilməsi üçün minimal sayda işçi işə cəlb edilir. Onların gəlirlərinin təminatı davam edir.

Qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyən insanlar ikinci istiqamətimizdir. Mart ayının 10-a olan məlumata əsasən, 660 min əmək müqaviləli qeyri-dövlət sektorunda çalışır. Bu insanların qorunması üçün işə götürənlərlə iş aparıldı. Sevindirici haldır ki, 10 gündə əmək müqavilələrin sayında azalma baş vemədi, əksinə əmək müqavilələrinin sayında artım oldu. İxtisarlar olmadı”.

Nazir, həmçinin bildirib ki, ləğv edilən əmək müqaviləsi üzrə işəgötürənlə söhbət aparılır: “Bunun obyektiv və subyektiv səbəbdən olması müəyyənləşdirilir. O sahibkarlara dövlət dəstəyi göstəriləcək ki, işçilərin ixtisarını aparmasınlar. Bu günə olan məlumata əsasən, tədbirlər çərçivəsində 690 min qeyri-neft sektorunda çalışan insanları əhatə edə biləcəyik.
Üçüncü istiqamət isə işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sahədə işləyən və bu gün pandemiyaya görə işini itirən insanlarla bağlıdır. İşsiz əhalinin müəyyən qədər uçotu mövcud idi. 100 mindən artıq şəxsin uçotu təmin edilmişdi. Yerdə qalan şəxslərin isə uçotu yox idi. Şikayət edənlərin böyük əksəriyyəti əmək müqaviləsi olmadan çalışanlar idi. Həmin insanların sosial təminatı yox idi. Prezidentin tapşırığı ilə bu şəxslərin təminatı üçün tədbirlər hazırlandı”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti