Karantin müddətində sakinlərə yardım ediləcək

Karantin müddətində sakinlərə yardım ediləcək
  06 Aprel 2020    Oxunub:1896
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında karantin müddəti başa çatana qədər çörək yardımı edəcək.

Aksiya çərçivəsində sərhədyanı kəndlər başda olmaqla rayonun bütün ərazisindəki qeyd edilən sakinlərə gün ərzində ailə üzvlərinin sayına uyğun çörək paylanılacaq. Ümumilikdə 200-dən çox ailəyə 500-ə yaxın çörək paylanılması nəzərdə tutulub ki, bu da Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi bitənədək davam edəcək. Rayon polis şöbəsinin əməkdaşları sovqat aparılan ailələrlə maarifləndirici mövzuda söhbətlər aparıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub. Yardım kampaniyasına görə sakinlər rayon polis şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti