“Koronavirus Qarabağda yayılsa...” - Paşinyana xəbərdarlıq edildi

 “Koronavirus Qarabağda yayılsa...” -  Paşinyana xəbərdarlıq edildi
  05 Aprel 2020    Oxunub:4114
"Əgər koronavirus Dağlıq Qarabağa (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi) çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla, 6 nəfər daşıyacaq".
Azvision.az xəbər verir ki, bunu "ArmNews" telekompaniyasının departament rəhbəri Abraam Qasparyan deyib.

Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var: "Bizim məmurların bunun "suveren dövlətin daxili qərarı" olduğunu, Ermənistanın "demokratik dövlətin" işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, "Qarabağın prezidenti" və "səhiyyə naziri".

Qasparyan əlavə edib ki, 14 apreldə "seçkilərə" getmək avantüradır: "Ümid edirəm ki, İrəvan siyasi ambisiyalar naminə hər kəsi fakt qarşısında qoyaraq "seçkilərə" getməyin zərərini anlayacaq".

Xatırladaq ki, Qarabağdakı separatçı qurum martın 31-də "prezident və parlament seçkiləri" keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək "seçkiləri" tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın "seçkilər" keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti