“Evdən çıxmıram, bütün günü kitab oxuyuram” - 82 yaşlı Xalq artisti

  04 Aprel 2020    Oxunub : 2792
 “Evdən çıxmıram, bütün günü kitab oxuyuram” - 82 yaşlı Xalq artisti
“Bütün günü evdə oturub kitab oxuyuram, qəzəl əzbərləyirəm. Yaşımla əlaqədar çölə çıxmıram”.

Bunu Azvision.az -a 83 yaşlı Xalq artisti Arif Babayev karantin günlərindən danışarkən deyb. Hazırda Qax rayonunda olan sənətkar xüsusi karantin rejimi ilə əlaqədar Bakıya qayıda bilmədiyini söyləyib.
“Yaşım 65-i keçib, buna görə evdən çölə çıxmıram. Qaxda evim var, orada ailəm ilə birgə qalıram. Londonda oxuyan nəvəm üçün çox darıxıram. Yadıma düşəndə ürəyim əsir. O, Londondan Bakıya qayıdanda mən artıq rayonda idim və xüsusi karantin rejiminə görə nə mən gedə, nə də o gələ bilir. Bir-birimizə baba-nəvə həsrət qalmışıq. Amma nə etmək olar?! Dövlətimizin qanunlarına tabe olmalıyıq. Koronavirus kimi bəladan xilas olmaq üçün qanunlara riayət etmək lazımdır”.

Yaz fəslini Qaxda qarşılayan sənətkar kənd həyatından şikayətçi olmadığını bildirib.

“Buranın havası çox gözəldir. İnsanları da hörmətcildirlər, məni görəndə doğmaları kimi davranırlar. Heç ağlıma gəlməzdi ki, baharı belə qarşılayaram. Hamımız koronavirusun əlində qalmışıq, onu nə görə bilirik, nə də əl ilə tuta bilirik ki, öldürək”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ArifBabayev   Xanəndə