Kəndlərarası avtomobil yolu yenidən qurulur

Kəndlərarası avtomobil yolu yenidən qurulur
  02 Aprel 2020    Oxunub:1979
Yevlax rayonu ərazisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrindən götürən Yevlax rayonunun 8 kilometrlik Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir.

Hazırda yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində işlər aparılır. Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülür. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilir. Ümumilikdə sözügedən torpaq işləri 80 min kvadratmetrdən çox ərazini əhatə edir, 32 min kvadratmetrə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də nəzərdə tutulub.

Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilir. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə müxtəlif diametrli dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılır.

Yol əsası hazır olan hissələr texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 santimetr qalınlıqda asfaltlanacaq. Bu işlər 50 min kvadratmetrə yaxın ərazini əhatə edəcək. Tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılacaq, yolun xətlənməsi işləri görüləcək.

Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

Azvision.az


Teqlər: Yol   Kənd   Təmir  





Xəbər lenti