Metroda daha bir nəzarət mexanizmi tətbiq edildi

  30 Mart 2020    Oxunub : 1710
Metroda daha bir nəzarət mexanizmi tətbiq edildi
"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri davam etdirir.
QSC-dən Azvision.az -a verilən məlumata görə, hazırda Bakı metropolitenində daha bir nəzarət mexanizmi tətbiq edilib.

Belə ki, Bakı metropoliteni stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

"Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, metropolitendən istifadə edərkən, ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, mart ayının 29-dan Bakı Metropoliteninin iş vaxtı dəyişdirilib. Metropolitenin stansiyaları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək sərnişinlərin girişinə açıqdır.

Azvision.az

Teqlər: Metro