Nəqliyyatdan istifadə edənlərin sayı 80% azalıb

 Nəqliyyatdan istifadə edənlərin sayı 80% azalıb
  27 Mart 2020    Oxunub:2302
Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən Sumqayıt və Abşeron istiqamətində əvvəllər gün ərzində 3000– 4000 nəfər daşınırdısa, indi bu rəqəm 300 sərnişin olub.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, bütün avtovağzallar və nəqliyyat vasitələrində mütəmadi dezinfeksiya işləri aparılır. R.Quluzadə bildirib ki, paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı 80% azalıb.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub.

Azvision.az



Teqlər: Koronavirus   Nəqliyyat  





Xəbər lenti