Əbülfəs Qarayev ictimaiyyətə müraciət etdi

  23 Mart 2020    Oxunub : 873
Əbülfəs Qarayev ictimaiyyətə müraciət etdi
Mədəniyyət naziri Əbülfəs Qarayev “Facebook” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir müraciətində bildirib ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyati önəm kəsb edən addımlar atılır:

“Həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində mədəniyyət müəssislərinin də fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Təbii ki, insanların sağlamlığının hər şeydən ümdə olması bu addımları zəruri edir. Amma iş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verir. O cümlədən sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, bir-birimizlə ünsiyyəti davam etdirə bilirik. Odur ki, bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çalışmalıyıq”.

Nazir hər kəsi dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə mədəniyyətimizlə sıx təmas qurmağa çağırıb: “Son illər mədəni irsimizin müasir informasiya texnologiyaları vasitəsilə yayılması, hər kəs üçün əlçatan olması üçün çoxlu layihələr həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən musiqi sənəti incilərimizin, muğamlarımızın elektron vasitələrlə geniş yayılmasına imkan yaradan layihələr buna bariz nümunədir. Eləcə də Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsimiz, incəsənətimiz və ədəbiyyatımızla elektron formatda, virtual şəkildə tanış olmaq üçün bir sıra layihələr reallaşdırılıb. Biz yaranmış vəziyyətlə əlaqədar “Evdə qal, evdə yarat” təşəbbüsünə start vermişik. Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər. Hər bir vətəndaşımız öz yaradıcılığını “Kreativ Azərbaycan” Facebook səhifəsində paylaşa bilər. Mən bizim bütün yaradıcı insanları bu hərəkatı təşviq etməyə çağırıram”.

Ə. Qarayev əlavə edib ki, yaxın günlərdə “Mədəniyyət” kanalında, eləcə də nazirliyin “Youtube” kanalında, “Facebook” və “İnstagram” səhifələrində yayımlanmaqla təlim xarakterli “#Yaradıcılığı evdə öyrən” verilişi təqdim ediləcək:

“Bu layihə həm böyüklərə özlərinin yaradıcı imkanları kəşf etməyə, bacarıqlarını inkişaf etdirməyə imkan verəcək, həm də uşaq və yeniyetmələr üçün maraqlı olacaq. Bundan əlavə, nazirliyin tabeliyindəki uşaq musiqi və incəsənət məktəbləri üçün teledərslərin nümayişi başlanacaq. Nazirliyin Uşaq musiqi və incəsənət məktəbləri tədris portalında (https://azvision.az/redirect.php?url=http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin video-dərsləri yerləşdirilib və bunların sayı artırılacaq. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi elektron vasitələrlə sosial layihələr həyata keçirməyə başlayıb. Bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə həmvətənlərimizi və sənətçilərimizi evlərindən “Yallı gedək” video-paylaşma çağırışına qoşulmağa çağıran təşəbbüs, “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq reallaşdırılan “Vətənimizə virtual səyahət” layihəsi və s. bu qəbildəndir. Bu gün hər kəs Azərbaycan Milli Kitabxanasının (anl.az) və Respublika Uşaq Kitabxanasının (clb.az) saytlarına müraciət etməklə mütaliə üçün elektron kitabları öz elektron poçtları vasitəsilə əldə edə bilər. Eləcə də şəhər və rayonlarımızın mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytlarında elektron kitabxanalar mövcuddur. Mədəniyyət Nazirliyinin "Radio Antenn" 101 FM-lə birgə həyata keçirdiyi "Canlı kitab" layihəsində həftə içi hər gün saat 10:00-dan 12:00-dək dünya və Azərbaycan ədəbiyyatının nümunələri canlı efirdə səsləndirilir, eləcə də nazirliyin kitabxanalarının elektron resurslarından mütaliə imkanları barədə məlumat verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə onlayn rejimdə fəaliyyət göstərən audio-kitabxanadan da hər kəs istifadə edə bilər. 1541 nömrəsinə zəng etməklə stansionar telefon xətti vasitəsilə də ödənişsiz seçdiyiniz əsərləri dinləyə bilərsiniz.

Muzeylərimiz də yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirirlər. Bu gün hər bir internet istifadəçisi evində oturaraq ayrı-ayrı muzeylərimizin zəngin kolleksiyası ilə (“Virtual muzey” layihəsi) tanış ola bilər. Bu sahədə elektron imkanların geniş tətbiqi sayəsində “Muzey kolleksiyasının inciləri”, “Muzey hamı üçün”, “Bir eksponatın tarixi” kimi virtual layihələr də artıq hər kəs üçün əlçatandır”.

Azvision.az

Teqlər: Nazir   Əbülfəs-Qarayev