70 Azərbaycan vətəndaşı Minskdən Bakıya yola salındı

 70 Azərbaycan vətəndaşı Minskdən Bakıya yola salındı
  22 Mart 2020    Oxunub:2105
Azərbaycanın Belarusdakı səfirliyi ölkə vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil edib.
Azvision.az xəbər verir ki, koronavirusla bağlı martın 16 və 18-də “Belavia” şirkətinin Minsk-Bakı-Minsk istiqamətində nəzərdə tutulan uçuşları ləğv olunduğundan səfirlik təlimata uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları ilə əlaqə saxlayıb. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın siyahısı tərtib olunub və Bakıya müvafiq qurumlara təqdim edilib.

AZAL və “Belavia” şirkətləri ilə aparılmış danışıqlar nəticəsində çarter reyslərin həyata keçirilməsi barədə razılığa gəlinib.

Səfirlik tərəfindən martın 21-də “Belavia” şirkətinin həyata keçirdiyi çarter reysi ilə 70 Azərbaycan Respublikası vətəndaşının vətənə qayıtması təşkil olunub. Səfirliyin təşkilatçılığı ilə Baltikyanı ölkələrdən və Polşadan vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları da çarter reysi ilə uçmaq məqsədilə Minskə gəliblər.

Azərbaycan vətəndaşlarını səfir Lətif Qəndilov və səfirliyin əməkdaşları yola salıblar. Ürək xəstəliyi olan vətəndaşımız Məmmədov Rafiq İman oğlunun Bakıda birbaşa təcili yardım maşını ilə xəstəxanaya aparılması üçün müvafiq əlaqələndirilmə işləri də aparılıb.

Yaxın günlərdə yeni çarter reyslər də həyata keçiriləcək.

Azvision.az


Teqlər: Minsk   Bakı   Səfirlik  





Xəbər lenti