Şərq Tərəfdaşlığı ilə bağlı yeni sənədin təfərrüatları

 Şərq Tərəfdaşlığı ilə bağlı yeni sənədin təfərrüatları
  20 Mart 2020    Oxunub:1876
Bu ilin 10 mart tarixində Avropa İttifaqının siyasətinə dair Avropa Regionlar Komitəsinin (ARK) tövsiyələrini əks etdirən “Avropa Regionlar Komitəsinin - yerli və regional qurumların Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına dair rəyi” adlı sənəd dərc edilib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sənəddə Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlara toxunulur.

Belə ki, sənədin 13-cü bəndində vurğulanır ki, “Avropa İttifaqı bütün tərəfdaşlarının (Şərq Tərəfdaşlığı ölkələrinin) ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə verdiyi dəstəyə sadiq qalır.

BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı ildə ATƏT-in Paris Xartiyasında təsbit edilmiş məqsəd və prinsiplərdən irəli gələn öhdəliklərin tam icrası, onlara hörmət və onların riayət olunması dinc və bölünməmiş Avropa üçün ortaq baxışımız üçün əsasdır”. 14-cü bənddə isə qeyd olunur ki, “Komitə regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyir. Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir”.

Sənəddə Avropa Regionlar Komitəsi Aİ ilə assosiasiya sazişini imzalamamış tərəfdaş ölkələri ilə mövcud “Tərəfdaşlıq prioritetləri” sənədləri əsasında və yeni çərçivə Sazişlərinin imzalanması vasitəsilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Sənəddə Komitə Xorvatiya Prezidentliyi zamanı 2020-ci ilin 18 iyun tarixində keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı Avropa Regionlar Komitəsi tərəfindən Şərq Tərəfdaşlığının gələcəyi ilə əlaqədar irəli sürülmüş tövsiyələrin Avropa Komissiyası və Aİ üzv dövlətləri tərəfindən nəzərə alınacağına inandığını ifadə edib.

Qeyd etmək istərdik ki, Aİ-nin 27 üzv dövlətini təmsil edən və yerli və regional səviyyədə seçilmiş nümayəndələrdən ibarət Avropa Regionlar Komitəsi Aİ çərçivəsində yerli və regional özünüidarəetmə orqanlarının maraqlarını qorumaq üçün yaradılmış institutdur. Aİ-nin bütün əsas instituları, Avropa Komissiyası, Aİ Şurası və Parlament yerli və regional məsələlərlə bağlı qərar (hüquqi sənəd) qəbul etdikdə bu Komitə ilə məsləhətləşməyə məcburdur.

Azvision.az



Teqlər: XİN   ŞərqTərəfdaşlığı  





Xəbər lenti