“Ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır” - Prezident

  “Ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır” -    Prezident
  19 Mart 2020    Oxunub:3007
İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

“Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır”, - deyə dövlətimizin başçısı bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti