Terrorçuları maliyyələşdirən azərbaycanlılara hökm oxundu

Terrorçuları maliyyələşdirən azərbaycanlılara hökm oxundu
  17 Mart 2020    Oxunub:3583
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azvision.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Sahil İbrahimov və İlqar Ağayev 12 il, Namiq Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

DTX-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: məhkəmə  





Xəbər lenti