Cənubi Koreyanın koronavirusla mübarizə modeli

   Cənubi Koreyanın koronavirusla mübarizə modeli
  16 Mart 2020    Oxunub:4256
Artıq Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən pandemiya kimi tanınmış koronavirus sürətlə yayılmaqda və daha böyük iqtisadi-sosial fəsadlar törətməkdədir. İlk dəfə Çinin Uhan əyalətində başlamış xəstəlik artıq dünyanın əksər ölkələrinə çatıb və 5 minə yaxın insanın ölümünə səbəb olub.
Çindən başqa İran və İtaliyada vəziyyət kritik həddə çatıb, ABŞ Avropaya sərhədlərini bağlamaq məcburiyyətində qalmış və dünya ictimaiyyətində böyük panikaya səbəb olub. Bu hadisələrin fonunda dünya ölkələri eyni zamanda virusla mübarizə üçün müxtəlif üsullar axtarmaqda və effektiv nümunələri öyrənməkdədir. Cənubi Koreya Asiyada bu virusa yoluxanların sayı ən çox olduğu ölkələrdən biri kimi virusun yayılmasını azaltmağa müvəffəq olub və bunun üçün dünyanın digər ölkələri tərəfindən öyrənilən metodlar inkişaf etdirib.

Martın 9-da elan edilmiş məlumata əsasən Koreyada 7,382 nəfərdə koronavirus aşkarlanmışdı. Yoluxanların əksəriyyəti (6,678 nəfər) ölkənin Daegu vilayətində qeydə alınmışdı. Ölkədə ən yüksək dərəcəli təhlükə vəziyyəti elan edilmiş, çox sayda insan toplanması tələb olunan tədbirlər ləğv edilmiş, bəzi xidmətlər online verilməyə başlanılmışdı. Virusun sürətlə yayılmağa başlamısının ardınca hökumət tərəfindən dərhal test aparatlarının istehsalı sürətləndi və hazırda ölkədə gün ərzində 18 min insanın test edilməsi üçün lazımi təhcizat təmin edilib. Bu aparatlar çox sürətli və dəqiq nəticələr əldə edə bildiyinə görə Amerika, Yaponiya və Çin kimi ölkələr tərəfindən öyrənilir və təkrar istehsalı üçün məlumat toplanılır.

9 Mart tarixinə qədər Koreyada 200 minə yaxın insan bu aparatlar vasitəsilə yoxlanışdan keçirilib. Qeyd edilməlidir ki, bu yoxlanışlarla yanaşı, infeksiyaya yoluxmuş insanların müalicəsi də pulsuz icra edilir. Bu, eyni zamanda, bəzi hallarda, köməyə ehtiyacı olan xaricilər üçün də keçərlidir. Bunun nəticəsidir ki, virusa görə ölüm faktlarının sayı, dünyanın digər ölkələri ilə müqayisədə, çox aşağı səviyyədə saxlanılıb və martın ikinci həftəsinin göstəricilərinə əsasən 0,69% təşkil edib.

Bir çox ölkədən fərqli olaraq, Seul ölkəyə girişə qadağalar tətbiq etməyib, ancaq Çinin bəzi regionlarından səfər edənlər üçün istisna edib. Bunun əvəzinə, xaricdən gələnlər ölkəyə çatdıqdan sonra əhatəli müayinədən keçir və daha sonra telefonlarına Özünü-Diaqnoz Əlavəsi (Self-Diagnosis App) yükləmələri tələb olunur. Bu əlavə sayəsində həmin adamlar 14 gün ərzində səhətləri barədə Koreya Xəstəlik Nəzarəti Mərkəzinə ər gün məlumat göndərirlər. Əgər iki ardıcıl gün onlarda koronavirus əlamətləri aşkar edilsə Mərkəzin işçiləri müvafiq olaraq onun yoxlanmasını və ehtiyac olduğu təqdirdə müalicəsini təşkil edir.

Bundan əlavə, Koreya hökuməti xəstəliyə yoluxmuş insanlarla təmasda olan şəxslərin 14 gün ərzində ölkədən çıxışına qadağa qoyur. Qaydalara əsasən, xəstənin koranavirus simptomları göstərməsindən bir gün əvvəldən başlayaraq, onun 2 metr daxilində əhatəsində olmuş bütün insanlara bu qayda şamil edilir. Eyni zamanda tələb olunur ki, bu insanlar 14 gün ərzində özlərini digər insanlardan təcrid etsinlər. Özünü-karantində olan insanlara dövlət tərəfindən yaşamaq üçün lazım olan bütün ehtiyaclar təmin edilir.

Bunlardan əlavə, Koreya hökuməti tərəfindən virusun aşkarlanması üçün çox sürətli və effektiv bir metod da tətbiq edilməyə başlanıb. Belə ki, “Sükan Arxasında Test Edilmə Stansiyaları” adı verilən (Drive-Through Testing Stations) stansiyalarda sürücülər 10 dəqiqə ərzində yoxlanışdan keçirilir və onlarda virusun əlamətlərinin olub-olmadığı bu müddətdə müəyyən olunur. Bu proses ərzində sürüclərin maşından düşməsinə ehtiyac olmur və onlar heç kimlə fiziki kontaktda olmur. Ölkə üzrə 53 belə stansiyanın quraşdırılması başa çatdırılıb və ehtiyac olduğu təqdirdə başqa stansiyaların da quraşdırılması üçün vacib baza yaradılıb.

Texnologiyanın verdiyi imkanlardan yararlanan Koreyalılar bütün mobil operatorları bu prosesə cəlb edib. Belə ki, virus aşkar olunan ərazi haqqında regiondakı lokal hökumət tərəfindən mobil operatorlar tərəfindən bölgənin sakinlərinə göndərilməsi üçün xəbərdarlıq mesajı yazılır. Bu əməliyyat eyni zamanda telefonlara yükləmək üçün hazırlanmış əlavələr vasitəsilə də əldə oluna bilər.

Beləliklə, bəzi ölkələrdən fərqli olaraq insanlara evdən çıxmaq qadağası qoymaq üsulu ilə deyil, daha kütləvi şəkildə virusa yoluxanların aşkara çıxarılması, onların digər insanlardan təcrid edilməsi və bu prosesdə yaranmış bütün xərclərin dövlət tərəfindən qarşılanması yolu ilə Cənubi Koreya dünya üçün bir nümunə göstərib. Bu tədbirlərin sayəsində ölkədə virusa yoluxanların sayında ciddi azalma müşahidə olunur. Belə ki, əgər martın 2-də gün ərzində 686 nəfərdə virus aşkar edilirdisə, bu göstərici hazırda 131 nəfərə enib.

Elnara Qasımova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti