“Saxta xəbərlərin yayılması koronavirus qədər təhlükəlidir” - Kamal Cəfərov

  16 Mart 2020    Oxunub : 2625
 “Saxta xəbərlərin yayılması koronavirus qədər təhlükəlidir” - Kamal Cəfərov
"Hazırda koronavirusa qarşı iki vacib mübarizə tədbiri var. Birincisi gigiyena və karantin qaydalarının mühafizəsidir, ikincisi isə infodemiyaya qarşı mübarizədir".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, bu gün Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən qanun layihələri xüsusi əhəmiyyət kəsb edir:

"Belə ki, müzakirə edilən qanun layihələri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl olunmamasına görə cinayət və inzibati məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik karantin rejimin pozulmasına görə inzibati məsuliyyət yaradır, həmin pozuntu xəstəliklərin yayılmasına səbəb olarsa, xəstəliklərin yayılması üçün real təhlükə yaradarsa və ya insan ölümünə səbəb olarsa cinayət məsuliyyəti hesab olunacaq. Bu dəyişikliklər bütün şəxslərin, o cümlədən, hüquqi şəxslərin daha da məsuliyyətli olmasını təmin edəcək".

K.Cəfərov qeyd edib ki, koronavirusdan daha tez yayılan və onun qədər təhlükəli olan saxta xəbərlərin yayılmasıdır:

"Bu gün biz koronavirusla yanaşı infodemiyaya qarşı da mübarizə aparmalıyıq. İnfodemiya hər hansı bir problemlə bağlı həddindən artıq informasiya, konspirasiya teoriyaları paylaşılmasıdır, hansı ki o da öz nöbəsində bu problemin həllini çətinləşdirir və vətədaşlarımız arasında çaşqınlıq yaradır. İnfodemiyaya qarşı mübarizəni isə yalnız rəsmi məlumatlar və maarifləndirmə tədbirləri ilə həyata keçirə bilərik. Bəzi hallarda koronavirusla bağlı sosial şəbəkələrdə saxta məlumatlar paylaşılır, ajiotaj yaradılır. Bunun qarşısını almaq üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir. Sosial şəbəkələrdə saxta məlumat yayan şəxslər üçün inzibati məsuliyyət, o cümlədən inzibati həbs müəyyən edilir. Ona görə vətəndaşlarımıza, sosial bloqerlərə, siyasətçilərə, televiziya və radio proqramlarında çıxış edən ekspert və həkimlərə müraciət edirəm ki, onların hər biri çıxışlarında Nazirlər Kabineti yanında operativ qərargahın məlumatlarını rəhbər tutsunlar. Bu gün Böyük Britaniyanın koronavirusa qarşı milli tədbirlər planını analiz edərkən müəyyən etdim ki, koronavirusa qarşı ən vacib mübarizə tədbiri şəxsi gigiyenanın tam və gündəlik təmin edilməsidir. Ona görə də vətəndaşlarımızdan xahiş edirəm ki, bu qaydalara ciddi əməl etsinlər, saxta məlumatların yayılmasında iştirak etməsinlər. Nazirlər Kabineti yanında operativ qəragahın fəaliyyətini yüksək qiymətləndirirəm və xahiş edirəm ki, qəbul edilən qərarların vətəndaşlara sms bildiriş formada çatıdırlmasını da təmin etsinlər".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: KamalCəfərov