Yevlaxda koronavirusla bağlı qərargah yaradılıb

  14 Mart 2020    Oxunub : 1347
Yevlaxda koronavirusla bağlı qərargah yaradılıb
Yevlax rayonunda koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatını əldə rəhbər tutaraq infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında qərargah yaradılıb.

Bildirilib ki, qərargahın iclasında şəhərdə və rayon ərazisində yas və toy mərasimlərinin (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) keçirilməsinin qadağan olunması, iaşə obyektləri, restoranlarda iş rejiminin axşam saat 21:00-dək müəyyən edilməsi, dövlət strukturlarında çalışan şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilməsi, dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə qoyulan məhdudiyyət barədə məlumatların rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinə və sakinlərə çatdırılması qərara alınıb.

İclasda qərargah üzvlərinə göstərilən qadağalara əməl olunması barədə idarə, müəssisə rəhbərlərinin və sakinlərin məlumatlandırılması tapşırılıb. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə işlərin davam etdirilməsi və sakinlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi üçün şəhər icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə tapşırıq və tövsiyələr verilib.

Yevlax şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə xüsusi tədbirlər görülür. Məsələnin ciddiliyi nəzərə alınaraq Yevlax şəhərində və rayonun kəndlərində, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Azvision.az

Teqlər: Yevlax   Qərargah