Deputatlar nə qədər maaş alacaqlar? - MƏBLƏĞ
Azvision.az mövzunun aktuallığını nəzərə alaraq, deputatların hazırkı maaşını araşdırıb.
Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri, onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.
Bu məbləğ nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.
Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.
Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Bununla da parlamentin yeni tərkibi müəyyənləşib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr üzrə təkrar seçki keçiriləcək.
Anar Kəlbiyev
Azvision.az