Sahibə Qafarovanın spiker kimi ilk çıxışı

 Sahibə Qafarovanın spiker kimi ilk çıxışı
  11 Mart 2020    Oxunub:5300
"Parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin yeni sədri Sahibə Qafarova VI çağırış parlamentin bu gün keçirilən ilk iclasında çıxışı zamanı deyib.

Spiker çıxışında bildirib: "Xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan və parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil etməyim mənim üçün həm qürur yeri, həm də güc mənbəyidir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizin siyasi təkamülündə mühüm rol oynayır.

Hörmətli deputatlar, 2018-ci ilin prezident seçkilərindən sonra elan olunmuş əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi Milli Məclisin tərkibinin də yenidən formalaşması zərurəti yaratmışdır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin olunmuşdur. Fevralın 9-da demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmışdır. Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini əldə etməsi cənab İlham Əliyev başda olmaqla, partiyamıza bəslənən böyük ümid və etimadı bir daha ifadə etmişdir.

Beləliklə, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlamışdır. Bu münasibətlə icazə verin, mən də deputat həmkarlarımı ürəkdən təbrik edim və onlara gələcək fəaliyyətində uğurlar arzulayım.

İnanıram ki, Milli Məclis Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. Bununla əlaqədar olaraq, ölkədə geniş vüsət alan sistemli islahatların yeni mərhələsinin başlanması qanunvericilik orqanının qarşısında da yeni vəzifələr irəli sürür. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları ölkəmizin ictimai-siyasi və iqtisadi inkişafına yeni təkan vermişdir. Əminəm ki, bu islahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişini təmin etməyə kömək göstərəcəkdir.

Hörmətli deputatlar, bizim təcrübəmiz göstərir ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məkanıdır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək olacaqdır.

Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm Prezidentimizin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir. Parlament xalqın maraqlarını ifadə etməli, deputat onu seçmiş insanların problemlərinə bələd olmalı, qayğılarına diqqət göstərməlidir. Milli Məclisin deputatlarının öz seçiciləri ilə əlaqələri müntəzəm xarakter daşımalı, onlar ayda bir neçə dəfə seçildiyi dairənin ərazisində olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir.

Hörmətli deputatlar, məlum olduğu kimi, beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolunun yüksəlməsi müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir. Məhz buna görə də Milli Məclis beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artırmalıdır. Milli Məclis dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək göstərməkdə davam etməlidir.

Milli Məclisin deputatları iştirak etdikləri hər bir beynəlxalq tədbirdə və görüşdə ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olması, bir milyon soydaşımızın qaçqın və köçkün kimi yaşaması barədə həqiqətləri çatdırmalı, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsini qaldırmalı, yalançı erməni təbliğatını ifşa etməli, haqq işimizin müdafiəsində mübariz və mətin olmalıdırlar.

Bütün digər sahələrdə olduğu kimi, bu sahədə də cənab Prezidentin göstərdiyi nümunə daim gözümüzün önündə olmalıdır. Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində möhtərəm Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının növbəti böyük uğuru oldu. Qısaca desəm, dövlətimizin başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquq və tarix dərsi keçdi. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistan rəhbəri aciz və gülünc vəziyyətə düşdü. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti mövqeyi bir daha beynəlxalq ictimaiyyətə çatdırıldı. Bu polemika Azərbaycan və Ermənistan rəhbərlərinin səviyyələri arasında nə qədər böyük bir uçurum olduğunu göstərdi, eyni zamanda, möhtərəm Prezident cənab İlham Əliyevin dünya miqyaslı siyasi və dövlət xadimi olduğunu bir daha nümayiş etdirdi.

Münxendə Ermənistana vurulan sarsıdıcı zərbə ötən ilin oktyabr ayında Rusiyanın Soçi şəhərində “Valday” Diskussiya Klubunun toplantısında və Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında işğalçı dövlətin aldığı diplomatik zərbələrin uğurlu davamı oldu.

Hörmətli deputatlar, Milli Məclisin qanunvericilik fəaliyyətində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri xüsusi yer tutur. Parlament bu istiqamətdə fəaliyyətini təkmilləşdirərək, yeni qanunvericilik aktları qəbul etməlidir. Milli mənəvi dəyərlərimizin qorunması, ailə və uşaqların müdafiəsi, bədən tərbiyəsi və idmanın inkişafı, dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görülməlidir.

Bütün bu vəzifələrin uğurla yerinə yetirilməsi Milli Məclisin hər bir üzvündən yüksək peşəkarlıq, səriştə, işə məsuliyyətli münasibət, yaradıcı düşüncə və digər zəruri keyfiyyətlər tələb edir.

Əminəm ki, möhtərəm Prezidentimizin çıxışında irəli sürdüyü dəyərli tövsiyələri fəaliyyətimizin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edəcəyik, onun söylədiyi iradların aradan qaldırılması isə mühüm hədəflərimizdən birini təşkil edəcəkdir.

Milli Məclis dövlət hakimiyyətinin digər qolları ilə sıx qarşılıqlı əlaqə şəraitində səmərəli işləyəcək. Hörmətli həmkarlar, biz sizinlə birlikdə Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq".

Azvision.az


Teqlər: Milli-Məclis   Sahibə-Qafarova   Spiker  





Xəbər lenti